“Rəsmi olaraq mayın 13-ü və 14-ü Ramazan bayramı günü kimi qəbul olunub. Ramazan bayramı günündə qılınan namaz şəriətdə qılınması vacib olan namazlar sırasında deyil. Bu, müstəhəb namazdır”.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, insanlar bir yerə toplaşaraq bu namazı qılarsa, bunun böyük savabı var:
“Amma pandemiya şəraiti yenə də davam edir, kütləvi yığışmaq qadağası var. Bütün mərasimlər qadağandır, toy, hüzr mərasimləri və bir yerə kütləvi toplaşmaq mümkün deyil. İctimaiyyətin müəyyən orqanlara müraciəti var ki, mümkün olarsa, məsafə saxlamaqla və digər qaydalara əməl etməklə insanlara məscidlərdə cümə namazlarını birgə qılmağa şərait yaradılsın”.
F. Nurullayev qeyd edib ki, şəriətdə bayram axşamı fitrə zəkatının çıxarılması buyurulub: “Kimin imkanı varsa, fitrə zəkatını bildiyi, tanıdığı imkansız, ehtiyacı olan ailələrə verir. İstəyənlər mayın 13-ü Ramazan bayramında bayram namazını Zöhr namazına qədər qıla bilərlər”.
(APA)