Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
APress.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda şahidlər ifadə verir. İttihama görə, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasına aid dövlət sirləri olan məlumatları əldə edib, erməni xüsusi xidmət orqanlarına ötürüblər. Belə ki, 2019-cu ildə erməni xüsusi xidmətləri ilə əməkdaşlığa cəlb olunan Sujyan Gevorg Rubenoviç digər təqsirləndirilən şəxslə birlikdə Sünnik vilayəti ərazisindən Gorus rayonuna gəliblər, oradan da Azərbaycana keçiblər. Onlar qanunsuz olaraq odlu silahları əldə edərək silahlı birləşmə yaradıblar və Azərbaycan ərazisində dövlətin təhlükəsizliyinə aid məlumatları əldə ediblər. Onlar həmin məlumatları erməni xüsusi xidmət orqanlarına ötürməklə casusluq ediblər. Bundan başqa, hər iki təqsirləndirilən şəxs Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi əraziləri müəyyən etmək məqsədilə 2020-ci il noyabrın 11-də Laçın dəhlizindən keçərək Şuşa istiqamətində Azərbaycan ordusunun yerləşdiyi ərazilərə gəliblər. Həmin vaxt onlar Azərbaycan ordusunun hərbi qulluqçular tərəfindən müəyyən olunaraq həbs olunublar.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham elan edilib.