Azərbaycanda valideynlər gözləri görməyən azyaşlı uşaqları üçün verilişdə yığılan 15 min manatı alıb evlərini təmir ediblər.
APress.az xəbər verir ki, bu barədə “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbər məlumat verib.
Aparıcı 3 il öncə ona müraciət edən ailədən danışıb:
“O zaman mən gənc və çox təcrübəsiz idim. İnsanlara çox inanırdım. Qucaqlarında gözləri görməyən uşaq olan ailə bizə müraciət etdi. Ukraynada bir həkim uşağın əməliyyatını boynuna götürmüşdü. Uşağın analizinin cavabı Ukraynaya göndərilmişdi. Oradakı həkim uşağın gözlərinin açılmasına zəmanət vermişdi. Amma əməliyyat üçün 15 min manat pul lazım idi. Uşaq da dünya gözəli idi. Azərbaycan xalqına qurban olum. Verilişdə 15 min manat toplandı. Mən toplanan pulu anasına verdim ki, aparıb uşağı əməliyyat etdirsinlər.
Ay yarım keçəndən sonra uşaqdan narahat oldum. Çəkiliş qrupunu ailənin evinə göndərdim. Əməkdaşlarımız qonşuların qapısını döyüb, onlardan uşağı soruşublar. Qonşular onların yığılan 15 min manatla evlərini təmir etdiklərini, yeni mebellər aldıqlarını, uşağın isə ortalıqda qaldığını bildiriblər. Bir ay keçmədi həmin ev yanıb kül oldu, uşaq da içərsində həlak oldu. Allah götürmədi bu yalanı. Əgər kimsə edilən yaxşılığa xor baxarsa, cəzasını da çəkəcək”.
Sonxeber.az