“COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə əməl olunmaqla Gürcüstan və Türkiyədən gələn turistlərə məhdudiyyətlər aradan qaldırıla bilər”.
Sfera.az APress.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş” Komissiyasının sədri Ruslan Quliyev deyib.
O bildirib ki, dünya əhalisi də hansı ölkələrdə yumşalma varsa, epidemioloji vəziyyəti stabildirsə, o ölkələrə səyahətdə maraqlıdırlar:
“BƏƏ, Türkiyə, Gürcüstan və digər ölkələr müəyyən şərtləri, standartları tətbiq etməklə turist axınına səbəb olacaq addımlar atıblar. Hazırda ölkəmizdəki yumşalmaları doğru addım hesab edirik. Əlbəttə ki, yenə də gigyena qaydalarına əməl olunmalıdır.
Azərbaycanda keçirilən böyük idman yarışları hər zaman bura gələn turistlərin sayına təsir edibdir. Düşünürük ki, avqust ayından sonrakı mərhələdə də müəyyən yumşalmalar ola bilər və eyni zamanda əksi də ola bilər. Amma istənilən halda 2021-ci ili ümid və bərpa ili kimi nəzərə alsaq, 2022-ci ildən sonra hər şey yenidən bərpa oluna bilər, həyat öz axarına dönə bilər. Burada ölkəyə gələn turistlərdə test nəticələrinin etibarlılığı, yəni 48 saatdan 72-96 saata qədər qaldırılarsa, bu da əlavə turist axınına səbəb ola bilər.
Amma hər bir halda hər şey yenə də əvvəlki kimi olmayacaq. Bu da bizi sövq edir ki, daim standartlara və COVID 19-a qarşı mübarizə tədbirlərində ayıq-sayıq olaq. Və düşünürük ki, bu, bizim ölkə olaraq xeyirimizə nəticələnə bilər”.