Azərbaycanda ölüm anının müəyyən edilməsi qaydası dəyişibbackend
Cəmiyyət
267

Azərbaycanda ölüm anının müəyyən edilməsi qaydası dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda dəyişiklik edilib.

APress.az  APA-ya istinadən bildirir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, insan ölümü kliniki və beyin ölümündən sonra bioloji ölümlə başa çatacaq.

Bundan əvvəl insan ölümü kliniki və ya beyin ölümündən sonra bioloji ölümlə başa çatırdı.

Həmçinin yeni qərara əsasən, meyitdən transplantasiya məqsədi ilə insan orqanlarının və toxumalarının götürülməsi zamanı bioloji ölüm və ya beyin ölümünün baş verməsi barədə qərar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 25.1-ci maddəsinə uyğun olaraq həkim konsiliumu tərəfindən qəbul ediləcək.

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna əsasən, donorun ölüm anının təsdiqində həkim-transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır.

Qərar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 25.1-ci maddəsinə görə, meyitdən transplantasiya məqsədi ilə orqanların götürülməsi yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla bioloji ölümün və ya beyin ölümünün baş verməsi barədə həkim konsiliumunun qərarı və tibb müəssisəsinin rəhbərinin razılığı ilə həyata keçirilir.