Son zamanlar sosial şəbəkələrdə koronavirusa qarşı istifadə olunan “Sinovac” vaksininin tək qablaşdırılmasının iki nəfər üçün tətbiq edildiyi ilə bağlı məlumatlar yer alır.
Belə ki, bəzi vətəndaşlar peyvənd olunarkən onlar üçün açıq qablaşdırılmadan istifadə olunduğunu deyir.
Maraqlıdır, bir vaksinin bir neçə nəfərə vurulması nə dərəcədə doğrudur? Ümumiyyətlə, bir dozanın ölçüsü nə qədər olmalıdır?
Məsələ ətrafında Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bir vaksinin iki nəfərə vurulmasının normal olduğunu bildirib:
“Bir ampulanın bir neçə nəfər üçün istifadəsi normaldır. Çünki artıq vaksin bir nəfərə vurulduqdan sonra yerdə qalan hissə qablaşdırılma açıldığı üçün xarab ola bilər. Bir ampula iki nəfər üçün nəzərdə tutulub, yəni tək qablaşdırılma iki doza deməkdir. Bu baxımdan narahat olmağa dəyməz”.
Professor bir dozanın miqdarı ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Bir dozanın miqdarını yalnız onu istehsal edən şirkət bilir. “Sinovac” innoaktiv peyvənddir. İnnoaktiv peyvəndlərin bir dozasının isə neçə mikroqram olduğunu bilmək olmur. Ümumiyətlə, vaksindən aslı olaraq bu ölçü də dəyişir”.
Sfera.az