Azərbaycanda plyonka və jalüz ilə bağlı YENİ QƏRARbackend
Gündəm
825

Azərbaycanda plyonka və jalüz ilə bağlı YENİ QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pərdə, plyonka və jalüz yenidən gündəmdədir. Bu ilin fevralında Milli Məclisin keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılmışdı. Dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir. Artıq dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

APress.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, bu barədə açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı, illərdir müzakirə edilən məsələnin çox sadə bir həll düsturunun olduğunu deyib:

“Ortalıqda standartı da müəyyənləşdiriblər, artıq qanunda da yazılıb ki, ön şüşəyə hər hansı bir formada örtük çəkmək qadağandır. Yalnız yarıya qədər o tündləşdirilməyə icazə verilir. Bu icazə zavod istehsalı olan şüşələrə aiddir. Yəni ön şüşəni müdaxilə nəticəsində tündləşdirmək olmaz. Mövsümdən asılı olmayaraq arxa yan şüşələrə və arxa şüşəyə pərdə, plyonka, jalüz çəkməyə icazə verilir.

Eyni zamanda tünd şüşələr də tətbiq etmək olar. Çünki Avropada istehsal olunan bir çox avtomobillərin şüşələri Avropa İqtisadi Konvensiyasına uyğun olaraq tünddür. Nəqliyyat vasitələri zavoddan tünd şüşələrlə buraxılır. Belə avtomobillər ölkəyə gətiriləndə, onların şüşələrini şəffaflaşdırmaq üçün xeyli xərc çıxır. Bu da avtomobilin qiymətinə avtomatik olaraq təsir göstərir”.

Ekspert pərdə, plyonlka məsələsinin araşdırılmasına görə 2 ay müddət müəyyən edilməsinin mənası olmamasına toxunub:

“Görün nə vəziyyətdəyik ki, adi bir plyonka, pərdə bu boyda hökuməti də, dövləti də, parlamenti də məşğul edir. Yəni ortada standart var, qanun var, qaydalar var, qanunda hər şey yazılıb. Yenidən bunu yazmaq üçün 2 ay müddət mənə də çox qəribə gəldi ki, bu 2 ayda nə edəcəklər, nəyi araşdıracaqlar? Bu gün plyonka çəkən sürücülər hamısı narahat halda gözləyir ki, görəsən, standartda nə yazacaqlar? Plyonkanı sökəcəklər, yoxsa sökməyəcəklər?”

Azərbaycanda ötən ilə qədər avtomobilin arxa görüntü şüşəsindən savayı bütün şüşələrinə plyonka çəkmək qadağan idi. AZS122-2004 AZS standartına və ümumiyyətlə tərəfdar çıxdığımız beynəlxalq normalara görə, sürücünün görünüş dairəsindən savayı digər şüşələr nizamlanmalı deyil. Elə həmin AZS 122-2004 standartına əsasən:

Küləyə qarşı şüşələr üçün – 75 faiz;

Küləyə qarşı olmayan digər şüşələr üçün – 70 faiz.

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, qaydalara əsasən DYP inspektoru vizual olaraq şüşələrinin qara olmasını müəyyən etdikdən sonra, bunu təsiqləmək üçün avtomobili saxlayır:

“Birbaşa yoxlanış bu cür baş verir. İnspektor saxlayır, saxlama səbəbini deyir, sənədləri tələb edir, taumetr adlanan cihazla isə cihazın istismar kitabçasına uyğun yoxlama aparır. Taumetr adlanan cihaz inspektorda yoxdursa, posta və ya cərimə meydançasına getməklə bağlı göstəriş qeyri-qanunidir. Qanunda bu cür göstəriş nəzərdə tutulmayıb. Ölçmədən öncə sürücü bu cihazın uyğunluq sertifikatını və istismar kitabçasını tələb edə bilər. Sürücü əmin olmalıdır ki, bu cihaz rəsmi olaraq texniki ölçü cihazı kimi təsdiqlənib. Qaranlıq havada, yağışda və soyuqda ölçməyə qadağa mövcud deyil. Bütün qadağalar cihazın kitabçasında qeyd edilir. Əgər belə qadağalar varsa, DYP inspektoru buna diqqət etməlidir”.

İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən: 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda sürücü idarəetmədən kənarlaşdırılır.

Qara şüşələrə görə isə 342.5-ci maddəni tətbiq etmək daha doğru olur – xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə edilir. Onu qeyd edək ki, AZS 122-2004-də sürücünün görünüş dairəsi P şəkilli müəyyən edlilib. Qanunda sürücünün arxasında qalan şüşələrə jalüz asılmağa icazə var. Qadağa yoxdur və cəriməsi mövcud deyil. Dəyişikliklərə qədər icazə verilməyən örtük – qanunda plyonka və pərdə olaraq müəyyən edilmişdi. AZS 122-2004 standartına son edilmiş dəyişikliyə görə sənaye üsullu jalüzlər istifadə edilə bilər”.

Hüquqşünas deyir ki, ölkəmizin qoşulduğu Avropa İqtisadi Konvensiyası pərdə, plyonka və jalüz məsələlərini tənzimləyir.