Azərbaycanda toylarla bağlı MÜHÜM AÇIQLAMA – İnsanlar şadlıq evlərinə AXIŞMAĞA BAŞLADIbackend
Gündəm
387

Azərbaycanda toylarla bağlı MÜHÜM AÇIQLAMA – İnsanlar şadlıq evlərinə AXIŞMAĞA BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir ildən çoxdur ki, Azərbaycanda toy mərasimləri keçirilmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il martın 15-dən etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlərin keçirilməsinə qadağa qoyulub.

Son bir neçə ayda vətəndaşlarımızın sürətli şəkildə vaksinasiya olunması, həmçinin son günlər yoluxma və ölüm sayındakı azalma ölkəmizdə toy və nişan kimi kütləvi mərasimlərin keçirilməsi ilə bağlı insanlarda ümid yaradır. Toylara qoyulan qadağanın uzanması səbəbindən ailə arasında nikah mərasimi keçirənlər olsa da, kütləvi şənlik təşkil etmək arzusunda olanlar bu günü səbirsizliklə gözləyirlər.

Sosial şəbəkələrdə də kütləvi mərasimlərə qoyulan qadağanın mayın 21-dən götürüləcəyi və restoranlarda açıq hava şəraitində azsaylı qonaqlarla toy şənliklərinin keçiriləcəyi ilə bağlı müzakirələr gedir.

Publika.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, bu barədə hansısa bir qərar olacaqsa, bunu Operativ Qərargah elan edəcək, ancaq ümumi olaraq yumşalma ilə bağlı meyillər hiss olunur: “Yumşalmalar o zaman olur ki, yoluxma halları getdikcə azalır və aşağı düşür, epidemioloji şərait yaxşılaşır və o zaman karantin rejimini müəyyən bölgələrdə, yaxud da bütün ölkədə yumşaltmaq olur. Hazırda bu meyillər hiss olunur. Ancaq biz daha geniş yumşalmalardan danışırıqsa, gərək vaksinasiyanı da sürətləndirək, peyvənd vurduran insanların sayı çoxalmalıdır ki, karantini aradan qaldırmaq mümkün olsun. Biz çox arzu edərik ki, yay mövsümündə yumşalmalar olsun, insanların istirahət etməsi, xüsusilə də D vitamini toplaması, immunitetin gücləndirilməsi üçün yay dövründə fəal həyat tərzi keçirmək olduqca vacibdir. Ancaq buna epidemioloji şərait nə qədər imkan verəcək və yumşalmalar hansı qaydada həyata keçiriləcək, bununla bağlı qərarı Operativ Qərargah verəcək”.

Komitə sədri qeyd etdi ki, gündəlik yoluxma sayı bir qədər də azalarsa, toylarla bağlı, həmçinin digər yumşalmalarla əlaqəli qərar verilə bilər: “Yoluxma üçrəqəmli həddədir. Lakin biz arzu edirik ki, gündəlik yoluxma sayı 200-300-dən aşağı olsun ki, o zaman yumşalmadan daha rahat danışaq. Amma vaksinasiyanın sürətləndirilməsi və genişləndirilməsi istiqamətində də həm Operativ Qərargah tərəfindən təşkilati tədbirlər həyata keçirilməlidir, həm də KİV maarifləndirmə və təbliğatı genişləndirməlidir”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov vurğuladı ki, açıq havada 100-150 nəfərlə toy mərasimlərinin keçirilməsi ilə bağlı qərar verilə bilər: “Yay mövsümündə bəlli insan sayı ilə karantin tədbirlərinə riayət etməklə, vəziyyətə uyğun olaraq məsafəni saxlamaqla restoranların bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik”.

Restoranların toylara hazırlaşdığı, kütləvi mərasimlərə qoyulan qadağanın götürüləcəyi ilə bağlı yayılan xəbərlərdən sonra isə insanların şadlıq evlərinə axın etdiyi ilə bağlı məlumatlar yayılıb.

Mayın 21-dən karantin rejiminin yumşaldılacağı, bəzi qadağaların götürüləcəyi ilə bağlı yayılanların nə qədər doğru olub-olmadığını öyrənmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu barədə hansısa bir qərar yoxdur.

Bəs restoranlar toy şənlikləri keçirməyə hazırlaşırmı?

Sualımıza cavab tapmaq üçün qapalı məkanla yanaşı, açıq havada da xidmət göstərən şadlıq saraylarının bir neçəsi ilə əlaqə saxladıq, toy şənlikləri ilə bağlı müraciət edənlərin olub-olmadığını öyrəndik. Ümumi olaraq bildirdilər ki, müştərilər axın etsələr də, rəsmi qərar olmadığı üçün sadəcə gün təyin edərək hansısa qərarın veriləcəyini gözləyirlər.

“Gilavar” şadlıq sarayından Publika.az-a bildirildi ki, hazırda toyla bağlı çoxsaylı müraciətlər var: “Ancaq rəsmi məlumat yoxdur. Biz də müştərilərə bildiririk ki, rəsmi şəkildə təsdiqlənərsə, o halda toylar təşkil oluna bilər. Müraciətlər indi də olur, keçən ildən qalanlar da var. Tarixi təxirə salırıq. Heç kəs toy etmir, hamı gözləyir. Yeni müraciətləri iyun və iyul aylarına qeyd edirik. Ümid edirik ki, icazə verərlər. Rəsmi olaraq təsdiqlənsə, bizim açıq hava məkanımız var, hazırıq ki, qərar verilən kimi, toyları keçirməyə başlayaq”.

“Golden Garden” şadlıq evindən də dedilər ki, müraciət edənlər çoxdur, lakin rəsmi məlumat olmadığına görə, restoran müştəriləri üçün dəqiq gün təyin edə bilmir: “Ancaq qərar təsdiqlənərsə, həmin gündən başlamağa hazırıq”.