“ƏSR” və “ARKAN TOUR” MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, aparılmış ibtidai istintaqla “ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə həmin şəxslərin tibbi müayinədən keçmədən tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan COVID-19 testinin nəticələrinə dair saxta sənədləri hazırlayıb ümumilikdə 12 min 120 manata satmasına, eləcə də həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilmiş, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir