Azərbaycanda yoluxanların sayında müşahidə edilən artım karantinin sərtləşəcəyi ilə bağlı müzakirələrə səbəb olub.
Belə ki, gündəlik yoluxma sayı 360-ı keçməsi Novruz bayramında “sms icazə” sisteminin yenidən bərpa edilməsi məsələsini gündəmə gətirib.
Bəs görəsən Azərbaycanda “sms icazə” sistemi yenidən bərpa edilə bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, yoluxma sayı artan dinamika ilə davam etsə, Azərbaycanda karantin rejiminin yenidən sərtləşdiriləcəyi ehtimalı böyükdür:
“Gündəlik yoluxanların sayında artımın olması narahatedicidir. Artım dinamikası davam etsə, karantin rejimi yenidən sərtləşdirilə və “SMS-icazə” sisteminə geri qayıda bilərik. Düşünürəm ki, belə davam edərsə , yenidən qapadılmaya gedilə bilər. Əllbəttə, karantin rejimi ilə bağlı qərar qəbul etmək və dəqiq fikir səsləndirmək mənim səlahiyyətimdə deyil. Karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Operativ Qərargah ölkədə koronavirusla bağlı vəziyyəti analiz edib, düzgün qərar verəcək. Bilirsiniz ki, ölkməmizdə yanvarın 18-dən vaksinasiyaya başlanılıb və hazırda da davam etdirilir. Hər şey vətəndaşların karantin qaydalarına nə dərəcədə əməl etməsindən asılıdır. Vətəndaşlarımız sərt karantin rejiminə qayıdılmasını istəmirsə, qoyulan qaydalara mütləq əməl etməlidirlər”