Azərbaycanda daha bir məmur öz vəzifəsi ilə vidalaşmalı olub.
APress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunu vəzifəsindən azad edib.
“Qaynarinfo.az” saytının əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Füzuli Məmmədov vəzifəsindən azad olunub.
Muxtar Babayevin digər əmri ilə nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı Səmədov Cəlair Zöhrab oğlu Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi təyin edilib. Qeyd edək ki, bir müddət əvvəl Lənkəran rayonunun Haftoni ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi böyük səs-küyə səbəb olub. “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar edilib.