Azərbaycanın dünyaca məşhur “Eurovision 2021” mahnı müsabiqəsinə qatıldığı “Mata Hari” adlı kompozisiya bütün dünyanın diqqətini cəlb edib. Vətən müharibəsindən yenicə çıxmış bir ölkənin Birinci Dünya müharibəsində 50 min əsgərin ölümündə günahlandırılan casus qadınla bağlı kompozisiya hazırlaması xüsusi marağa səbəb olub.
Publika.az oxucularını müxtəlif etibarlı xarici mənbələrdən toplanmış materiallar əsasında tarixi şəxsiyyət Mata Hari ilə tanış edir.
Tarix onu dünyanın gedişatını dəyişdirən qadın kimi tanıyır. “Cazibədar qadın casus” arxetipi daşıyan Marqaret Qertruda Zell 7 avqust 1876-ci il tarixində Niderlandın Leyvarden qəsəbəsində kalvinist holland ailəsində anadan olub.
İddiasına görə, “Mata Hari” ləqəbini ona İndoneziyada ikən (Niderland Hindistanı) qədim rəqsləri öyrədən rahibə verib.
“Mata Hari” Malayziya, İndoneziya, Sinqapur və Bruneydə geniş yayılmış malay dilindən tərcümədə “Şəfəqin gözü” mənasını verir.
Avropalılar onu Hindistanın cənubundakı Malabar sahillərində doğulmuş kimi tanıyıb. Atasının Brahman sektasından din adamı, anasının rəqqasə olduğu iddia edilib. Kanda-Svani məbədinin baş rəqqasəsi Mata Haridə fövqəladə istedad gördüyü üçün onu Tanrı Şivanın xidmətinə qurban verməyi məsləhət görübmüş. Bütün parislilər bu əfsanəyə inanıb.
Əslində isə Hindistan və Yava rəqsləri barədə səthi biliklərini keçmiş əri ilə birlikdə yaşadığı və səyahət etdiyi dövrlərdə qazanıb. Tədqiqatçılar onun Asiya əcdadlı olmadığı və hər iki valideyninin holland olduğu qənaətinə gəlib.
Zarafatla dəyişən həyat
Ailənin yeganə qız övladı olub. Atası imkanlı şəxs və ticarətçi olub. Marqaret 13 yaşına qədər varlılar üçün nəzərdə tutulmuş məktəbdə təhsil alıb. 1889-cu ildə atasının biznesi çöküb və müflisləşib. 13 yaşlı qız xaç atasının yanına – Snek şəhərinə köçüb. Burada, o, Leydene şəhər məktəbinə işə düzəlib. Bir müddət sonra Marqaret Haaqaya – əmisinin yanına göndərilib. Atası daha sonra başqa bir qadın üçün evi tərk edib. Anası isə qısa müddət sonra ölüb. 17 yaşı olanda əmisi ilə yaşamağa başlayıb. Bundan sonra həyatın əsl pərdəarxası Marqaret üçün açılıb. Marqaret həyatından razı olmayıb və hər zaman gözəl həyat haqda düşünüb. Ciddi, mühafizəkar adam olan əmisi ilə o, istədiyi həyatı yaşaya bilməyib. Buna görə də Marqaret evi tərk edib. O dövr üçün gənc qızın yeganə çıxış yolu ərə getmək olub.
Evliliyi
1895-in martında – 19 yaşında ikən “Het Nieuwes van den Dag” qazetində gördüyü bir elan Marqonun həyatını kökündən dəyişdirib: Niderlandın müstəmləkələrindən olan İndoneziyada yaşayan şotland əsilli, Marqaretdən 20 yaş böyük, təqaüdə çıxmış zabit və çox zəngin Rudolf Mak Lod özünə uyğun həyat yoldaşı axtarırmış. Bu situasiya o zamanlar çox məşhur olub. Elan yayımlananda Mak Lod ağır xəstəlikdən yenicə xilas olmuş və Amsterdamda sağalmağa çalışırmış. Əslində, elan Rudolfun yaxın dostlarının ona zarafatı olub.
Amma elana 16 nəfər cavab veribmiş. Marqaret bunlardan sonuncusu olub. Onun elana cavabında çap etdirdiyi şəkil Rudolfun diqqətini cəlb edib. Bir-birlərinə məktublar yazdıqdan qısa müddət sonra cütlük evlənməyə qərar verib və 1 may 1897-ci il tarixində İndoneziyaya gedən “Şahzadə Amaliya” adlı gəmi ilə yeni bir həyata yelkən açıb. Burada onların 2 övladı olub. Amma ailənin oğlu 2 yaşına çatanda vəfat edib. 1903-cü ildə ailə Niderlanda qayıdıb. Bir müddət sonra Marqaret məlum olmayan səbəblərdən ərindən boşanmağa qərar verib. Qızı atası ilə qalıb və Marqaret heç bir vəsaiti olmadan tək yaşamağa başlayıb.
1906-cı ildə onun atası “Mənim qızımın həyatı və onun keçmiş ərinə etirazlarım” adlı kitab yazıb. Bu kitab müəllifinə gəlir qazandırmaqla yanaşı, Matanı Avropada daha da məşhurlaşdırıb.
İş həyatı
Marqaret “ərindən qaçmış arvadların” şəhəri olan Parisə gedib və orada naturaçı kimi işləyib. Lakin o, rəssamların diqqətini cəlb edə bilməyib. Buna bəhanə olaraq sinəsinin balaca olması göstərilib. Ümidləri puça çıxan Marqaret Niderlanda qayıtmalı olub, lakin qısa müddət sonra, o, yenidən Parisə geri dönüb. Bu dəfə Marqaret iş tapa bilib: o, “Molye” sirkinin atçılıq məktəbində çalışıb. Ancaq Marqaret yenə də bununla qane olmayıb və nə zamansa Hindistanda yaşadığı günlər yadına düşüb. Axı Marqaret orada hər kəsi heyran qoyan şərq rəqslərinin şahidi olmuşdu…
Mata rəqs edərək dolanmaq qərarına gəlib. Amma 30 yaşlı bir qadının uğur əldə etməsi müşkül məsələ olub. Bu səbəbdən Mata Avropada hələ də bilinməyən bir üslubdan istifadə etməyə başlayıb – striptiz. O, 1900-cü illərin əvvəllərində öz debütünü edib. Ziyafətlərin birində Marqaretin göstərdiyi ekzotik rəqs salona toplaşan bütün kişilərin ağlını başından alıb. Kişilər rəqsin finalını daha çox xatırlayıb: gənc qız yüngül əl hərəkəti ilə geyimini çıxarmışdı. Və növbəti yalan peyda oldu: Marqaret hindistanlı anasının ölümü və rəqs sənətini budda məbədində öyrənməsi haqda uydurulmuş hekayələri danışıb. Bu, onun obrazına sehr qatıb.
Əlbəttə, hamı Marqareti alqışlayıb və onun pərəstişkarları günü-gündən artırıb. Onların arasında tanınmış və imkanlı şəxslər də olub. Bu şəxslərdən biri Marqaretə “Mata Hari” adı altında Şərq İncəsənəti Muzeyində çıxış etmək təklifi gəlib. O vaxtdan etibarən Marqaret ölüb və Mata Hari peyda olub. Onu Avropanın ən yaxşı teatrlarına dəvət ediblər, o isə ard-arda sevgili dəyişib, sevgi və cah-calal içində üzüb.
Mata Hari “ağına-bozuna baxmadan” sevgi əlaqələri qurub. Əlbəttə, bu da öz pis nəticəsini verib: alman polis məmuru ilə tanış olub və bundan sonra casusluğa cəlb edilib.
“Almanların Berlində bahalı kürk və geyimlərimi ələ keçirmələrini xatırlayıram. Qərara aldım ki, onları geri qaytarmaq üçün mənə çoxlu pul lazım gələcək”, – Hari xatirələrindən danışarkən deyib.
Şousu yavaş-yavaş soyunmaqdan ibarət olan cazibədar kurtizan Birinci Dünya müharibəsinin başlamasından sonra şöhrətindən istifadə edərək “Sevgililər kataloqu”na müxtəlif millətlərin yüksək rütbəli hərbi zabitlər daxil etməyə başlayıb.
Bir çox güclü və nüfuzlu kişinin məşuqəsi olan Mata Hari sevgililəri ilə birlikdə Avropanı gəzib. Gözəlliyi və erotikliyi ona müharibədə də kömək edib.
Kurtizanlığı
Tarixin ən parlaq gözəllərindən biri, kişiləri yoldan çıxaran dilbər adlanan Mata Hari təkcə hind rəqslərinin “peşəkar” ifaçısı kimi məşhurlaşmayıb, həmçinin Avropada ən bahalı kurtizankalardan biri olub. Bütün kişilər onun ayaqlarına zinət əşyaları, pul atıb, titullarını və həyatlarını ona qurban verib.
Bu hiyləgər qadının məşhurluğunun arxasında həm də onun məsumluğu dayanıb. Parisin ən gözəl xanımlarından biri olan Mata, sözün əsl mənasında, kişiləri dəli edib, onun sevgi və nəvazişini görmək üçün kişilər külli miqdarda pulundan vaz keçib. Bütün bunlar azmış kimi, hətta aralarında dövlət sirlərini belə bu gözəlin qara qaş-gözünə satıblar.
Bəzi versiyalara görə, Mata Hari sadəcə casus olması obrazını yaradıb və uydurub. Bu isə ona işləməyə və yaxşı pul qazanmağa, vərdiş etdiyi həyat tərzini sürməyə kömək edib.
Casusluq dövrü
Birinci Dünya müharibəsi ərəfəsində Mata Berlində olub. Burada, o, növbəti sevgilisi Alfred Kipertanın qonağı imiş. Niderland vətəndaşı olduğu üçün ölkədən çıxa bilməyib. Almaniyada Mata bir neçə dəfə həbs təhlükəsi ilə üzləşib. Alman polisi onun Rusiya imperiyasına işlədiyindən şübhələnirmiş.
Nəhayət, Mata Niderlanda gedib və oradan da Parisə qayıdıb. Burada, o, keçmiş sevgilisi fransız bankirin hədiyyə etdiyi evdə yaşamağa başlayıb. Almaniya kəşfiyyatı müharibədən əvvəl əzəli düşmənləri olan fransızların hərbi sirlərini öyrənmək üçün artıq Avropada böyük şöhrət qazanmış, amma qumar borcu içində batan Mata Haridən istifadə etmək qərarına gəlib. Müharibədən bir neçə il əvvəl onlar Mata ilə əlaqə quraraq onu özlərinə işləməyə razı sala bilib. Mata Almaniyanın kəşfiyyat düşərgəsində xüsusi məktəbdə casusluğun sirlərini öyrənib. Digər bir versiyaya görə isə Mata 1903-cü ildə İndoneziyadan qayıtdıqdan sonra alman kəşfiyyatına işləməyə başlayıb. Rəqqasə kəşfiyyatçı Valter Nikolayın diqqətini cəlb edibmiş.
Onun adı Almaniya kəşfiyyatında “H21” kodu ilə qeyd edilib. Fransız, ingilis, rus zabitləri və dövlət adamlarından topladığı gizli hərbi bilgiləri qızına yazılmış məsum məktublar formasında diplomatik kuryer ilə Parisdən almanlara ötürüb.
Radioqram vasitəsilə Mata Harinin adı qeyd olunmuş məxfi sənədlər üzə çıxdıqdan sonra kimliyi ifşa olunub. Matanın təkidlə tanışlarına ünvanladığı suallara cavab almaq istəməsi Fransa kəşfiyyatının diqqətini cəlb edib. Fransa kəşfiyyatı Hariyə ikitərəfli çalışmağı təklif edib. O, vəziyyətin qəlizləşdiyini gördükdə hiylə işlədərək üzdə özünü fransızlarla razılığa gəlmiş kimi göstərməyə başlayıb. Fransız kəşfiyyatı onun üçün xüsusi kurs keçib. Mataya verilən tapşırığa görə, o, Belçikadakı 6 fransız casusla əlaqə qurmalı, onların topladığı məlumatları lazımi yerə çatdırmalı imiş. Fransızların etimadını qazanmağı bacaran Mata bu dəfə də peşəkarlıq nümayiş etdirib və onun səyi nəticəsində Belçikadakı 6 fransız casus 2 həftədən sonra almanlar tərəfindən yaxalanaraq güllələnib. Bununla da Matanın Almaniyaya casusluğunu sübut etmək mümkün olub.
Mata ingilis kəşfiyyatının da xüsusi diqqətində olub. Krallıq Matanın almanlara işləyən Klara Benedikts adlı casus olduğunu düşünüb. Ona görə də Matanın hər addımı nəzarət altına alınıb. 1916-cı ilin oktyabrında ingilis kəşfiyyatı Matanı tutaraq sorğu-sual edir. Ancaq məlum olur ki, onun Klara Benediktslə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, Matanın almanlara işləyib-işləməməsini aydınlaşdırmaq üçün də cəhdlərə baş vurulub. Lakin Mata almanlara işləməsi barədə iddiaları təkzib edərək rəqqasə qadının belə işlərlə məşğul olmasının mümkün olmadığını söyləyib. Matanın almanlara işləməsi barədə hər hansı fakta sahib olmayan ingilis kəşfiyyatı onu rahat buraxmağa məcbur olub.
Müharibənin sonlarına doğru Mata həyatının sevgisi adlandırdığı fransızlara xidmət edən bir rus pilot kapitan 23 yaşlı Vadim Maslovla çox sıx bir romantik-cinsi münasibətə başlayıb. 1916-cı ilin yazında Qərbi Cəbhəyə göndərilən 50 000 nəfərlik Rusiya Ekspedisiya Qüvvələrinin bir hissəsi olub. Bu qüvvələrin müharibədə məğlub olması Fransanın çöküşünün səbəbi olacaqdı. Amma fransızlar “günah keçisi” olaraq Mata Harini elan edib və müharibənin bütün uğursuzluqlarını onun üzərinə yıxıb.
Kanadalı tarixçi Vesli Vok 2014-cü ildə verdiyi müsahibədə Mata Harinin heç vaxt əhəmiyyətli casus olmadığını və yalnız Fransız hərbi uğursuzluqları üçün “günah keçisi” etdiyini söyləyib: “Onlara bir “günah keçisi” lazım idi və o, “günah keçisi” üçün diqqətəlayiq bir hədəf olub”.
Mata Harinin möhürlənmiş mühakiməsi və əlaqəli 1275 səhifəlik digər sənədlər edamından 100 il sonra – 2017-ci ildə Fransa Ordusu tərəfindən məxfilikdən çıxarılıb.
Mata Harinin uğur sirri
Onun “uğurunun” resepti 3 qaydadan ibarət idi:
Birinci qayda – təşəbbüs göstərmək. Mata uşaqlıqdan bilirdi ki, o, ilahi gözəlliyə malikdir və istənilən kişini ələ ala bilər.
İkinci qayda: taleyin qoyduğu bütün imkanlardan istifadə etmək. Mata heç zaman rəqs edə bilməyib. İctimaiyyətə heç bu da lazım olmayıb. Onları daha çox qızın çılpaqlığı cəlb edib.
Üçüncü qayda: intriqanı qoruyub saxlamaq. Onun sevgililəri arasında 100-dən çox imkanlı kişi olub. Onları yalnız bir şey düşündürürmüş: o, özünü gah şərq şahzadəsi, gah da hindu məbədinin tərbiyə etdiyi kahin adlandırarmış.
Mata Hari əsrarəngiz və seksual qadın olub. Müasir alim-psixiatrların rəyincə, o, nimfoman idi. Elə bunun sayəsində kişilər üzərində hökmünü yeridə bilib. Onu daha çox hərbi geyimli kişilər cəlb edirmiş. Qadını məhv edən də bu olub: alman kəşfiyyat qrupu onu yaşamaq hüququndan məhrum edib.
Edamı
Marqaret müntəzəm olaraq vətəni Hollandiyaya səfər edib. Hərbi əməliyyatlar səbəbindən onun yolu İspaniya və Böyük Britaniyadan da keçib. Məhz ingilis kəşfiyyatçıları rəqqasənin Madriddə yerləşən alman kəşfiyyat orqanı ilə əlaqəsi olduğunu üzə çıxarıb və bu xəbəri fransız kəşfiyyatına ötürüb.
Ona İspaniyaya getmək və kəşfiyyat fəaliyyəti ilə məşğul olmaq tapşırılıb. Tezliklə fransızlar Madriddəki alman rezidensiyasından şifrəli teleqram ələ keçirib. Teleqramı göndərən Mata Hari fransızlara işlədiyi barədə alman komandanlığına məlumat ötürübmüş…
Fransızlar Mataya tələ qurmaq qərarına gəlib və onu Parisə geri çağırıblar. Kimsənin onun bir daha geriyə qayıtmayacağını düşündükləri bir vaxtda Mata Parisə dönüb. Əvvəlcə, onu dərhal həbs ediblər. Evində axtarış zamanı çoxlu sayda alman markası tapılıb. Fransız kəşfiyyatı bunun casusluq müqabilində almanlardan alındığını iddia edib. Mata isə bu markaları yaxın əlaqədə olduğu almanlardan hədiyyə aldığını deyib. Matanın evində, həmçinin, görünməz yazı yazılması məqsədi ilə istifadə edilən mürəkkəb də tapılıb. O isə bunu makiyaj niyyətilə istifadə etdiyini bildirib. Amma bu mürəkkəblə yazılan bəzi yazılar ortaya çıxanda Mata susmağa məcbur olub. Alman casusu Matanın həbsi Fransada böyük uğur kimi qələmə verilib və o, tankların istehsalı ilə bağlı sənədləri düşmənə ötürməklə 50 min fransız əsgərinin ölümünə bais olmaqda təqsirli hesab edilib. Mata Hariyə qarşı irəli sürülən ittihamda onun düşmənə ötürdüyü 8 gizli dosye barədə informasiya yer alıb.
Bu arada, Mata Harini yaxından tanıyan və fransız kəşfiyyatının onun barəsində qaldırdığı iddiaya şübhə ilə yanaşan Niderland kraliçası Fransaya müraciət edərək onun buraxılmasını xahiş edib. Lakin kraliçanın bu xahişini Fransa hökuməti rədd edib. Almaniya isə Mata Harini fransızların istədiyi şəxslə dəyişməyə razı olduğunu rəsmi şəkildə bəyan edib. Lakin fransızlar almanların Matanı dəyişdirmək təklifini də qəbul etməyib.
13 fevral 1917-ci ildə Mata Hari “Elise Palace” mehmanxanasında həbs olunaraq casusluqda ittiham edilib. O, öz sevgi romanlarından başqa bütün ittihamları rədd edib: “Ola bilsin ki, mən fahişəyəm, lakin mən heç zaman xain olmamışam”. Məhkəmə prosesi zamanı onun keçmiş sevgililəri Mata Hari üçün əfv diləyib. Vəkili və sevgilisi isə hakimin qarşısında diz çöküb. Ancaq Matanı artıq xilas etmək mümkün olmayıb.
15 oktyabr 1917-ci ildə Mata edam olunub. Edamdan əvvəl əsgərlər onun gözünü bağlamaq istəyib. Amma Mata buna razı olmayıb və ölümün gözünə dik baxaraq güllələnməyə gedib. Hadisə şahidlərinin xatirələrinə görə, Mata sütuna bağlanmaqdan imtina edib və qətldən öncə “Mən hazıram cənablar!” deyib. Digər bir məlumata görə, Matanın son cümləsi bu olub: “Mən fahişəyəm, amma satqın deyiləm!”
12 əsgərin düz gözlərinin içinə baxan casus qadına eyni anda silahdan atəş açılıb. Ona 11 güllə dəyib. Əsgərlərdən ən gənci özünü itirərək atəş açmayıb.
Atəş əmrindən sonra hadisə yerində olan əks-kəşfiyyat xidmətinin əməkdaşı cəsədə yaxınlaşıb və rəqqasənin hələ də nəfəs aldığını görüb. Belindən silahını çəkən zabit Matanın başına bir güllə çaxıb.
41 yaşlı Matanın cəsədinə sahib çıxa biləcək qohum-əqrəba isə tapılmayıb. Buna görə də casusun cəsədi tibbi məqsədlər üçün istifadə edilib. Mata ölümündən sonra dünyada Fransanı məhv edən qadın adı ilə daha da məşhurlaşıb.
Mata Harinin gündəliyi almanlar tərəfindən Paris arxivindən tapılıb. Bir sıra mütəxəssislər orada yazılanları uydurma hesab edir. Çünki gündəliyin müəllifi xəstə təxəyyüllü qadın olub. Gündəlik 1967-ci ildə ingilis dilinə tərcümə olunub.
Mata Harinin mumyalanmış başı uzun müddət Parisdə yerləşən Anatomiya muzeyində sərgilənib. Lakin hazırda Mata Harinin kəlləsi və bədəninin harada saxlanması məlum deyil. 1954-cü ildə muzeyin köçməsi ilə əlaqədar kəllə və bədənin itdiyi ehtimal olunur.
Filmləri
Onun obrazı əsasında bir çox film çəkilib, kitab yazılıb, kompüter oyunları hazırlanıb.
1921-ci ildə Almaniyada Mata haqqında film çəkilib. 1931-ci ildə isə Mata Hari adlı daha bir film ekranlaşdırılıb. Bu filmlərdə Matanın şəxsi həyatından götürülmüş sənədli məlumatlardan istifadə edilib. Hələlik isə Mata dünyanın axarını dəyişən əfsanəvi kəşfiyyatçı qadın olaraq qalmaqda davam edir.
Mata Harinin həyatı haqqında dedikləri
“Mən heç nədən heyfslənmirəm. Həyatım inanılmaz əfsanələrlə əhatə olunub. Bəzən olur ki, heç özüm də uydurmanı reallıqdan ayıra bilmirəm. Ağrı, göz yaşları, bədbəxtlik anlarını kifayət qədər yaşamışam. Lakin mən bir şeyi anladım: bütün millətlərin taleyini həll edən kişilərin üzərində qadın hökmünun nə demək olduğunu”.
Bütün həyatı boyu Mata Harini sevən Nikolas Qrey isə deyib: “Sən ömür boyu onun ətrafında yaşayırsan, lakin onunla deyilsən. Sən ona istədiyini verirsən, lakin onun ehtiyacı olanı verə bilmirsən. O, səni çağıranda gəlirsən və səndən bezəndə gedirsən. Sən ya onun qaydaları ilə oynamalı, ya da oyundan çıxmalısan”.
Bəs görəsən, Azərbaycanın “Mata Hari”si kimdir?
Məlumat üçün bildirək ki, “Mata Hari” mahnısının müəllifi və prodüseri Niderland triosu – Emi van der Uel, Luk van Birs və Toni Kornelissendir. Mahnı müsabiqəsi Rotterdamda “Ahoy Rotterdam” konsert zalında mayın 18-dən 22-nə kimi keçiriləcək.