“Ölkə.Az” xəbər verir ki, bu gündən etibarən Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstan paytaxtına və əks istiqamətdə xüsusi reyslər həyata keçirməyə başlayacaq.
Uçuş cədvəlinə əsasən, pandemiya dövründə Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviadaşıyıcının ilk uçuşu bu gün yerinə yetiriləcək. Qeyd olunan marşrut üzrə uçuşların həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri həyata keçirilməsi planlaşdırılıb.
“Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. “Super” tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.
Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.