Martın 12-də növbəlilik tətbiq edilməklə xidmət sahəsinə əlavə işçi qüvvəsi cəlb olunacaq.
“Azəriqaz” İstehsalat Birliyindən APress.az-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda martın 12-dən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, güclü küləyin əsəcəyi barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatı əsas tutularaq qaz təchizatında problemlərin yaşanmaması üçün müvafiq tədbirlərə başlanılıb.
Belə ki, Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib.
“Təbii qazın tələbata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə, ən qısa zamanda aradan qaldırılacaq. Müvafiq strukturlar üzrə əlavə işçi qüvvələrinin də xidmətə cəlb edilməsi gözlənilir.
Abonentlərin nəzərinə çatdırılır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı “WhatsApp” nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər”, – məlumatda qeyd edilib.