Bakı şəhəri Sabunçu rayonunda “Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb.
“Bununla bağlı bildiririk ki, aprelin 19-da “Azəriqaz” İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri – İlkin Əzizovun abonentlə mübahisəsi yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciət əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.
Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”, – mətbuat xidmətinin açıqlamasında qeyd edilib.