“AZGRANATA” MMC-yə mediatur təşkil olunub – FOTOLARbackend
Cəmiyyət
559

“AZGRANATA” MMC-yə mediatur təşkil olunub – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazın ən böyük meyvə şirəsi və şərab istehsalçısı “AZGRANATA” MMC Milli Mətbuatın yaranmasının 146-cı il dönümü ilə əlaqədar KİV nümayəndələri üçün mediatur təşkil edib.

APress.az xəbər verir ki, jurnalistlər əvvəlcə Şamaxı ərazisindəki üzüm bağlarında olublar. Şirkətin İctmaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli məlumat verib ki, dəniz səviyyəsindən 600-800 metr hündürlükdə Böyük Qafqaz sıra dağlarının Ləngəbiz Dağ silsiləsinin Adnalı yaylasında salınmış 500 hektarlıq üzüm bağlarında dəmyə torpaqlarda xüsusi aqrotexniki qaydalara uyğun yetişdirilən yerli və xarici texniki üzüm sortları sırasında Bayanşirə, Mədrəsə, Rkasiteli, Chardoney, Muskat Alexandria, Danlas, Saperavi, Cabarnet Sauvignon, Merlot, Cabarnet Franc, Sauvignon Blanc və s. var. Süfrə üzüm sortlarından isə Sultaniyyə, Ora, Centenial Seedless, Thompson Seedless, Superior Seedless, Crimson Seedless, Red Globe, Alphons Lavallie, Prima və Cardinal yetişdirilir. O qeyd edib ki, üzüm bağları 2017-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin üzüm bağlarında olarkən verdiyi göstərişə əsasən turistlərin marşrut xətti istiqamətinə daxil edilib və qonaqlar Ağsuda yerləşən zavodla yanaşı, Şamaxı şəhəri ərazisindəki üzüm bağlarını da gəzib görə bilirlər.

Daha sonra media nümayəndələri “AZGRANATA” MMC-nin Ağsu rayonunda 14 hektar sahəni əhatə edən meyvə şirələri və şərab emalı zavoduna yola düşüb. Burada onlara məlumat verilib ki, 2011-ci ilin 30 oktyabr tarixində prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən zavodda hal-hazırda müxtəlif növ meyvə şirələri, kompotları, konsentrat, limonad,üzüm yarpağı, mürəbbə, abqora ilə yanaşı müxtəlif şərablar, viski, konyak, rakı, meyvə araqları və vodka istehsal edilir. Zavodun illik istehsal gücü meyvə şirələri üçün 100 milyon qablaşdırma, alkoqollu içkilər üçün isə 24 milyon butulka təşkil edir.

Qonaqlar zavodun meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlərdə meyvə şirələrinin saxlanılması, şərab və tünd içkilərin saxlanılması anbarı, distillə sexi, şüşə və “tetra pak” qablarının dolumu və qablaşdırılması sexləri, hazır və köməkçi xammalın saxlanılması bölümləri ilə tanış olublar.

Qeyd olunub ki, müəssisədə istehsal edilən bir çox brendlər daxili bazarla yanaşı xarici bazarda da yerini möhkəmləndirir. Hal-hazırda dünyanın 30 ölkəsinə məhsul ixrac edən zavodun ixrac potensialı artmaqda davam edir. Həmçinin bildiirlib ki, zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub.

Tünd içkilərin saxlanılması anbarında olan qonaqlara bildirilib ki, burada Şotlandiya texnologiyası əsasında emal edilmiş viski spirti Amerikan palıdından hazırlanan 500 litrlik çəlləklərdə saxlanılır. Bu palıd çəlləklər Fransadan gətirilib. Tünd içkilər anbarında viski ilə yanaşı 3 ildən 30 ilə qədər palıd çəlləklərdə saxlanılmış konyak spirtləri var. Azərbaycanda ən zəngin konyak ehtiyyatına görə “AZGRANATA” zavodunun tünd içkilər anbarını konyakın qızıl fondu adlandırırlar.

“AZGRANATA” zavodunun şərab saxlanma anbarında isə 128 ədəd paslanmayan rezervuar çən yerləşdiyi diqqətə çatdırılıb və bildirilib ki, bu çənlərin hər birinin tutumu 1700 dekolitrdir. Eyni zamanda, anbarda Amerika və Fransadan gətirilmiş 225-350 litr tutuma malik palıd çəllləklər, İtaliyanın “Garbellotto” firmasının istehsalı olan 18 ədəd hər biri 800 dekolitr tutuma malik palıd butlar var. Bunlardan şərabların yüksək keyfiyyətdə yetişdirilməsi məqsədi ilə istifadə edilir. Burada temperatur bütün il boyu ərzində 14-16 dərəcə arasında stabil saxlanılır.

 

Zavodda müasir standardlara cavab verən Moderizasiya sexi yaradılıb. Sözügedən sexdə Madera tipli portvein şərabların alınır. Bunun üçün şərablar yüksək temperatur altında palıd çəlləklərdə saxlanılır. Saxlanma müddəti isə minumum üç ildir.

Media nümayəndəri zavodun beynəlxalq şərab dequstasiyası qaydalarına uyğun şəkildə dizayn edilmiş dequstasiya zalında da olublar. Dequstasiya zalında zavod rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən digər şərab zavodlarının hər birinin xüsusi stendi qurulub və həmin zavodların məhsulları özlərinə məxsus stendlərə yerləşdirilib. Həmçinin dequstasiya zalının nəznində kiçik şərabçılıq muzeyi də yaradılıb ki, buda müəssisəyə gələn yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılanır.