“Son bir həftə ərzində 3 nəfər ilan zəhərlənməsi ilə bağlı müraciət edib. Gürzə zəhəri olub. Bundan başqa, 6 nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib, onlardan 2-si azyaşlıdır”.
Bunu Publika.az–a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib.
O bildirib ki, 4 nəfərə allergik reaksiya diaqnozu qoyulub: “Bədənləri dərmanlara qarşı həssas olub və allergik reaksiya baş verib. İlan sancan şəxslər arasında azyaşlılar və ya ölənlər yoxdur. İlan sancmaları ilə bağlı rayonlardan da müraciətlər olur. Bölgələrdə zərdab var, zərdab çatışmazlığı problemi yaşanmır. Zərdab vurulduqdan sonra xəstələr mərkəzə göndərilir”.
Baş toksikoloq qeyd edib ki, yeni sistemə və qaydalara əsasən, həkimlər onlara yerində baxırlar:
“Bu da pandemiya ilə əlaqədardır. Vəziyyətləri çox ağır olanda, avadanlıq lazım olanda mərkəzə gətirirlər. Əsas dərman zəhərlənmələri antibiotiklərlə bağlıdır. Uşaqlarda isə zəhərlənmələrə səbəb olan vitamin və polivitamin tərkibli dərmanlardır. Zəhərlənmələr əsasən onlardan qeydə alınıb. Axır vaxtlar içkilərdən zəhərlənmələr olmayıb. Ötən həftə mərkəzə gətirilənlərin vəziyyətləri əsasən orta ağır kimi qiymətləndirilib. Cəmi 1 nəfərin vəziyyəti ağır kimi dəyərləndirilib. Həmin şəxs də sirkə turşusundan zəhərlənmişdi. Həkimlər tədbir gördülər, indi durumu orta ağırdır. Həmin xəstənin boğazı yanıb”.