Bərdədə bacısını öldürməkdə və onun sevgilisini bıçaqlamaqda təqsirləndirilən Əsgərov Elmidar Rəhim oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APress.az “report”a istinadən xəbər verir ki, iş baxılması üçü Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İyunun 11-də hakim Nural Əliyevin sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, bu il fevralın 14-də saat 01 radələrində Bərdə rayonu ərazisində Aynur Əsgərovaya məxsus üzərində xəsarət izləri olan meyitin aşkar edilməsi və Rəsul Orucova bıçaq zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Bərdə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Elmidar Əsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bacısı 1989-cu il təvəllüdlü Aynur Əsgərovaya və sonuncunun qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Rəsul Orucova bıçaq zərbələri yetirməsi nəticəsində Aynur Əsgərovanı qəsdən öldürməsinə, Rəsul Orucovu isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Elmidar Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.