“Bakı Metropoliteni” QSC ötən ili 83,54 milyon manat zərərlə başa vurub. Şirkətin açıqladığı məlumata əsasən, 2020-ci ildəki zərər 2019-cu ilə nisbətən 28,455 milyon manat və ya 51,65 faiz artıb.
2019-cu ildə metropolitenin zərəri 55,087 milyon manat idi.
Sfera.az şirkətin açıqladığı məlumata istinadən bildirir ki, zərərin artmasına sərnişindaşımadan gəlirlərin 3 dəfədən çox azalması səbəb olub. 2019-cu ildə sərnişindaşımadan 68,9 milyon manat gəlir əldə edən “Bakı Metropoliteni” QSC-nin gəliri ötən il 21,623 milyon manata düşüb.
Sərnişindaşımadan gəlirin kəskin azalmasını hökumət subsidiya ilə müəyyən qədər kompensasiya edib. Amma subsidiya gəlirlərində artım sərnişindaşıma gəlirlərindəki azalmanı qismən bağlayıb. Belə ki, 2019-cu ilə nisbətən subsidiya məbləği 18,28 milyon manat artırılaraq 67,68 milyon manata çatdırılıb. Subsidiya məbləğindəki artım sərnişindaşıma gəlirlərindəki azalmadan 29 milyon manat az olub.
2020-ci ildə metropolitenin gəlirlərinin azalmasına digər əməliyyat gəlirlərinin azalması da təsir edib. Digər əməliyyat gəlirləri 2,2 milyon manat azalaraq 3,53 milyon manata düşüb.
Məlumatlardan aydın olur ki, ötən il metropoliten 6,63 milyon manatlıq elektrik enerjisi (2019-cu ilə nisbətən 4,6 milyon manat az), 167,6 min manatlıq qaz (4 min manat az), 4,15 milyon manatlıq su və kanalizasiya xidmətindən (sabit qalıb) istinadə edib.
2020-ci ildə metronun işçi heyəti ilə bağlı xərcləri azalıb. 2019-cu ildə bu xərc istiqaməti üzrə 46 milyon manat xərcləndiyi halda ötən il 44,66 milyon manat xərclənib.
Şirkətin əsas xərci amortizasiya (torpaq, tikili və avadanlıqlarla bağlı) xərcləri olub. Bu xərclər il ərzində 8 milyon manat artaraq 103,4 milyon manata yüksəlib. Digər xərclər 11 milyon manatı ötür.
Beləliklə, 2020-ci ildə 92,836 milyon manat gəliri, 176,3 milyon manat xərci olan metropoliten nəticədə 83,5 milyon manat zərər edib.