İyunun 13-ü saat 23 radələrində 1998-ci il təvəllüdlü Murtuz Murtuzovun bıçaqlanaraq xəsarət alması ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami rayon Prokurorluğundan APress.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Məhəmməd Məhəmmədlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Murtuz Murtuzova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Məhəmməd Məhəmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.