Bakıda daha bir marşrut xəttində gediş haqları kartla ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən APress.az-a verilən məlumatda bildirilir ki, 01.06.2021-ci il tarixindən 133 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi – Gənclik m/s ) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Binəqədi rayonu üzrə Gülməmməd Ramazanov küç., Mərkəz Binəqədi, Binəqədi 2ci Mədən, Novxanı yolu, Səttar Bəhlulzadə 55C, Nəcəf Nərimanov 19, A.Hüseynov küç., Azadlıq pr.104, Məsud Davudoğlu 32 və Azadlıq pr. BSM yanı (Nəsimi rayonu) ünvanlarındakı OBA marketlərdə BakıKart balansının artırılması üçün POS terminallar quraşdırılıb.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
Məlumatda qeyd edilir ki, bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.
Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.