Marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov APress.az-a bildirib ki, bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkərək sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla məlum olub ki, həmin şəxslər Bakı şəhər sakinləri – Rüstəm Orucov və Xəyalə Vəliyevadır. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.