ABŞ-da daimi əsaslarla yaşayan Azərbaycan vətəndaşı Lətafət Əzizova övladının Bakıda qaçırıldığını iddia edib. O bildirib ki, uşağa baxmağa şəraiti olmadığı üçün onu Azərbaycana tanıdığı və etibar etdiyi adamın yanına gətirib.
Lətafət deyir ki, indi isə 3 yaşlı övladına baxdığı üçün pul ödədiyi Şirəliyev Müşviq İnqilab oğlu uşağın geri qaytarmır və ondan 40 min manat pul tələb edir.
Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Ölkə.Az”a bildirib ki, ABŞ-da yaşayan Azərbaycan vətəndaşı Lətafət Əzizovanın övladının qanunsuz övladlığa götürülməsi ilə bağlı iddiaları Xəzər Rayon Polis İdarəsində araşdırılır.
E.Hacıyev bildirib ki, DİN azyaşlının anasının müraciətinə uyğun olaraq, bütün zəruri prossesual tədbirlər həyata keçirilir.
L.Əzizova rayon polis idarəsində qəbul edilib, araşdırmanın gedişi və qanunvericiliyin tələbləri ona izah edilib.
Həmçinin qeyd edilib ki, polisin onun müraciətinə etinasız yanaşması ilə bağlı səslənən iddialar isə həqiqəti əks etdirmir:
“Azyaşlının anası tərəfindən könüllü olaraq verildiyi şəxsdən alınaraq ona qaytarılması qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid olan məsələdir”.