Baş infeksionist: “Vaksinasiyanın koronavirus keçirənlərə ziyanı yoxdur”backend
Cəmiyyət
248

Baş infeksionist: “Vaksinasiyanın koronavirus keçirənlərə ziyanı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusu gizli şəkildə keçirərək sağalmış insanlar peyvənd olunarsa, bunun ona heç bir ziyanı yoxdur, əksinə xeyri ola bilər”.  Bunu  Azərbaycan Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, koronavirus  keçirmiş insanlarda vaksinasiyadan sonra əmələ gəlmiş anticisimlərin səviyyəsi daha yüksək olur: “Hətta birinci doza vaksinasiyadan sonra kifayət qədər yüksək səviyyədə anticisimlər formalaşır”.

Saxta.info baş infeksionistin bu açıqlamasının  doğru olub-olmadığını  yoxlayıb.

Qeyd edək ki, vaksinasiya prosesi başlayandan bəri bu məsələ ilə bağlı müxtəlif  açıqlamalar  verilib.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov  Azərtac-a açıqlamasında  bildirib ki,  peyvəndləmədən öncə hamı hazırda COVID keçirib-keçirmədiyini yoxlamalıdır. Aktiv koronavirus xəstəsinə peyvənd əks göstərişdir.  Xəstəliyi keçirmiş şəxslərə gəlincə,  onlarda immunitet varsa, yəni antitel yaranıbsa,  peyvənd olunmalarına ehtiyac yoxdur.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitəsinin sədri, professor Akif Qurbanov da Sputnik Azərbaycan-a açıqlamasında  bildirib ki, koronavirusa yoluxub sağalan şəxslər  peyvənd olunmaya bilərlər.  Mütəxəssis əlavə edib ki,  əgər doğrudan da şəxsin COVID-19 xəstəsi olduğu təsdiqlənibsə, o, koronavirusa görə vaksin vurdurmaya bilər. O ki qaldı koronavirusu gizli keçirənlərə,  mütəxəssis bunları deyib: “Kim istəyir ki, vaksin vurdursun, bu zaman onun virusu keçirib-keçirmədiyi ilə bağlı müəyyən şübhələri varsa, bunu aradan qaldırmaq üçün qan analizi verməlidir. Bu zaman qanda anticisimlərin miqdarına baxılacaq. Qanda COVID virusu əleyhinə anticisimlərin miqdarına əsasən ona vaksinin vurulub-vurulmaması barədə qərar verilir”.

A.Qurbanov əlavə edib ki, ola bilər xəstəliyi simptomsuz  keçirən şəxsdə  anticisim yaranmasın, yaxud da  az miqdarda olsun: “Belə şəxslər vaksin vurdura bilərlər. Qanda anticisimlərin miqdarı kifayət qədər olan şəxslər vaksin vurdurmaya bilər”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva  isə Azərtaca-a açıqlamasında bildirib ki,  peyvənddən öncə qanda anticisim miqdarını öyrənmək üçün analizə ehtiyac yoxdur. Çünki vaksinasiya üçün ciddi əks göstərişlər mövcud deyil. Bu mənada xəstəliyi keçirib sağalan şəxslərin də peyvənd  olunması tövsiyə edilir.

Bəzi tədqiqatçılar  koronavirusdan sağalan şəxslər üçün yalnız  bir doza peyvəndin kifayət edəcəyini bildirirlər.  ABŞ-ın Meharri Tibb Kollecinin  prezidenti, tədqiqatçı  Ceyms Hildret deyib ki,  virusa yoluxub sağalan  insanlara  ikinci dozanın vurulması əslində peyvəndin israfıdır.  Mütəxəssis bildirib ki,  virusadan sağalan milyonlarla insana ikinci dozanı vurmaq lazım deyil.  Həmin şəxslər üçün bir doza peyvənd daha effektli olacaq.  

ABŞ-da COVID-19-dan sağalan insanlar  üzərində aparılan araşdırma da bunu sübut edib. Belə ki, Pfizer və Moderna peyvəndlərinin  ilk dozası vurulan həmin şəxslərdə virusa yoluxmayanlara nisbətən  10-45 dəfə daha çox anticisim  əmələ gəlib.  Tədqiqatın nəticələri barədə danışan ABŞ-ıın Boston şəhərindəki qadın xəstəxanasının həkimi Ceremi Faust  deyib ki,  peyvəndin ilk dozası  gücləndirici rolu oynayır. Bu mənada virusa yoluxub sağalan insanlar  üçün bir doza uzun müddət effektiv təsir göstərəcək.

Rusiyalı  virusoloq  Aleksandr Çepurnov  rbc.ru  internet  nəşrinə açıqlamasında bildirib ki,   peyvəndin vurulub-vurulmamsı  xəstəlikdən sağalan insanda əmələ gələn anicismin miqdarından asılıdır. Onun sözlərinə görə, elə şəxslər var ki, anticisim bir neçə ay sonra azalır, elələri də var ki,  8 ay sonra belə yüksək səviyyədə qalır. Mütəxəssis hesab edir ki, xəstəliyi keçirmiş şəxslərə peyvənd vurulması üçün qeyd edilən məqama diqqət edilməlidir. Çepurnov da COVİD-19-dan sağalan şəxslərə yalnız bir doza peyvənd vurulmasının tərəfdarıdır.

“Sputnik V”  peyvəndini  hazırlayan  Qameleya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin rəhbəri  Aleksandr  Kinzburq  da deyib ki,  əvvəllər koronavirusa yoluxan şəxslərin peyvənd olunmasına ehtiyac var. Mütəxəssis əlavə edib ki,  ilk peyvənddən sonra  həmin şəxslərdə  anticisimlərin həddi  1: 3200 və daha yuxarı səviyyəyə çatarsa ikinci dozanı vurmağa   ehtiyac  yoxdur.

İsrailin paytaxtı Təl-Əvivdəki  Şamir Asaf A Rofe xəstəxanasının şöbə müdiri, infeksionist Qalina Qoldsman da hesab edir ki,  koronavirus infeksiyası keçirənlər üçün bir doza peyvənd kifayətdir. Amma  peyvənd xəstəlikdən 3 ay sonra  vurulmalıdır.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  koronavirusa yoluxub sağalanlara peyvənd vurulmasını tövsiyə edir.  Təşkilatın baş elmi işçisi Sumya Svaminatan Tvitter -də yayılan bir açıqlamasında deyib ki,  xəstəliyi keçirənlərin bəzilərində,  xüsusilə simptomsuz keçirən şəxslərdə güclü anticisim  yaranmır.  Ona görə də həmin şəxslərin peyvənd olunması tövsiyə edilir.   Mütəxəssis bildirib ki, immunitet sistemi eyni antigeni və zülalı tanıdığından əvvəllər yoluxan şəxslərə vurulan peyvənd   immunitet reaksiyasını artırır.

Saxta.info sadalanan rəyləri nəzərə alaraq bu qənaətə gəlib ki,  vaksinasiyanın koronavirus keçirənlərə ziyanının olmamasına dair Azərbaycanın baş infeksionistinin verdiyi  açıqlama  əsasən  doğrudur.