Bu ilki 24 aprel bəyanatında Amerika prezidentinin 1915-ci il hadisələrində ölmüş ermənilərlə bağlı “soyqırımı” ifadəsinin istifadə edəcəyi gözlənilən idi.
Bunun üçün 3 əsas siyasi səbəb vardı:
Bu ilk növbədə prezidentliyə namizəd kimi apardığı seçki kampaniyalarında Cozef Baydenin erməni icmasına verdiyi vəd idi və böyük çətinliklə prezident seçildikdən sonra Baydenin öz vədini yerinə yetirəcəyini gözləmək olardı. 2-ci səbəb bilavasitə Amerikada ölkədaxili siyasi rəqabətlə bağlıdır. Onilliklər ərzində Amerikada keçirilən parlament və prezident seçkiləri ərəfəsində həm respublikaçılar, həm də demokratlar erməni əsilli seçicilərin loyallığını qazanmaq üçün 1915-ci il hadisələrini soyqırımı aktı kimi tanıyacaqlarına söz verirdilər. Beləcə respublikaçılarla demokratlar arasında erməni əsilli seçicilərin səslərini qazanmaq uğrunda uzun illər ərzində gərgin mübarizə gedirdi. Lakin bir qayda olaraq seçkilərdən sonra həm respublikaçılar, həm də demokratlar müxtəlif bəhanələrlə verdikləri vədi yerinə yetirməkdən yayınırdılar. Nəhayət, Bayden bu ənənəni pozdu və öz müraciətində “soyqırımı” ifadəsini səsləndirməklə erməni əsilli amerika vətəndaşlarını birdəfəlik bütün gələcək seçkilər üçün demokratlar partiyasının daimi dəstəkçisinə çevirdi və bununla da daxili siyasi rəqabətdə öz partiyasının mövqeyini xeyli möhkəmləndirdi. 3-cü səbəb daha çox qlobal xarakter daşıyır və dünyanın ən təsirli güc mərkəzi kimi ABŞ-ın qlobal səviyyədə apardığı beynəlxalq siyasətlə bağlıdır. 44 günlük müharibə dünyanın Cənubi Qafqaz kimi vacib strateji bir bölgəsində çoxillik bir münaqişəyə son qoydu və bütövlükdə bölgədə sülhə və sabitliyə, bölgədaxili əməkdaşlığın inkişafına yol açdı. Yaranmış yeni reallıq bölgəyə kənar müdaxilələri lüzumsuz edir və hadisələrin bundan sonrakı inkişafında bölgə dövlətlərinin beynəlxalq güc mərkəzlərindən asılılığını aradan qaldırmış olur. Bu isə dünya siyasətininin əsas istiqamətlərini öz əllərində saxlamağa çalışan bütün güc mərkəzlərinin, o cümlədən ilk növbədə ABŞ-nın maraqlarına uyğun deyil. Ona görə indiki şəraitdə Baydenin “erməni soyqırımını” tanıması daha çox gözlənilən addım idi. Amma bu gözləntilər heç bir halda ABŞ prezidentinin ermənilərə və Ermənistana sevgisi ilə yox, məhz ABŞ-ın özünün milli maraqları ilə bağlıdır. Buna görə də Baydenin bəyanatı Ermənistana və erməni xalqına da yaxşı heç nə vəd etmir. Əksinə, ermənilərə öz qonşuları ilə əməkdaşlıq münasibətləri qurmağa, sülh və sabitlik şəraitində dinc-yanaşı yaşamağa və inkişaf etməyə mane olur.
Baydenin öz Bəyanatında “erməni soyqırımı” ifadəsini işlətməsi Türkiyə qarşısında da heç bir öhdəlik yaratmır. Bayden beynəlxalq cinayət məhkəməsinin hakimi deyil, ABŞ-nın prezidentidir və onun bəyanatı hüquqi deyil, yalnız siyasi əhəmiyyət daşıyır. Dünyanın istənilən yerində Soyqırımı aktının baş verib-verməməsi yalnız müvafiq beynəlxalq cinayət məhkəməsi tərəfindən təsbit olunduqda hüquqi öhdəlik yarada bilər. Ermənistan isə bu iddiada haqlı olmadığını bildiyindən beynəlxalq məhkəməyə müraciət etməyə cəhd belə göstərmir.