Koronavirusa yoluxmanın son günlər ərzində artması bayram ərəfəsində “SMS icazə”nin tətbiqi məsələsini aktuallaşdırıb.
Lakin vaksinasiya olunan şəxslər bu icazənin onlara şamil edilməsinin zəruri olmadığı qənaətindədir.
Bəs, görəsən, doğurdan da icazə sistemi yalnız vaksinasiya olmayan şəxslərə tətbiq edilə bilər? Koronavirus əleyhinə peyvənd olunanlar üçün risk yoxdurmu?
Məsələ ilə bağlı Sfera.az-a radioloq həkim Aydın Əliyev vaksinasiya olunan insanlara məhdudiyyət tətbiq edilməsinin doğru olmadığını bildirib:
“Məlum olduğu kimi ölkə üzrə yanvar ayından etibarən koronavirus əleyhinə vaksinasiyaya start verilib. 450 mindən çox insan artıq peyvənd olunub. Peyvənd insanda immunitet formalaşdırır və bu xəstəliyin ağır keçməməsinə, yoluxduruculuğa təsir edir.
Bayram günləri vaksin olunmuş şəxslərə hər hansı məhdudiyyətin tətbiq edilməməsi düzgün olardı. Çünki bu şəxslər risk daşımır və demək olar ki, yoluxduruculuq qabiliyyəti də çox aşağı olur. “SMS icazə”nin yalnız vaksinasiya olunmayana insanlara tətbiqi daha doğrudur. Bu yoluxma sayının kəskin artmaması üçün faydalı olardı”.
Məlumat üçün qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə bütün respublika üzrə könüllü və dövlət hesabına aparılır.