Bayramqabağı bahalaşma: Süni qiymət artımını kimlər yaradır? – ŞƏRHbackend
Cəmiyyət
259

Bayramqabağı bahalaşma: Süni qiymət artımını kimlər yaradır? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkədə ərzaq məhsullarının qiymətində ciddi bahalaşma müşahidə olunur. Bayramqabağı qiymətlərin artırılması insanların narazılığına səbəb olub. Bu gündən isə Azərbaycanda bütün növ siqaretlərin qiyməti artırılıb. Bundan başqa, avtobusla rayonlara gediş-gəliş qiymətləri də sürücülər tərəfindən qaldırılıb.

Bəs bayramqabağı bahalaşmanın qarşısını necə almaq olar? Süni qiymət artımını yaradanlar kimlərdir?

Azsiyasət.com xəbər verir ki, məsələ ilə bağlı bakupost.az -a ekspertlər danışıb:

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, ənənəvi olaraq Azərbaycanda bayramlar ərəfəsində, eləcə də bayram günlərində sahibkarlar tərəfindən qiymətlərin süni şəkildə artırılması müşahidə olunur:

“Xüsusən də hansı ərzaq məhsullarına tələbat yüksəkdirsə, həmin məhsulların qiymətlərində daha çox artımlar müşahidə olunur. Novruz bayramı Azərbaycanın milli bayramlarından biridir. Təbii ki, Azərbaycanda hər bir ailə Novruz bayramını təmtəraqla qeyd etməyə çalışır. Bu baxımdan bəzi sahibkarlar Novruz bayramında daha çox tələbat olacaq deyə, süni şəkildə qiymətləri artırırlar. Bütövlükdə istehlak bazarında həm monitorinqlər güclənməli, süni qiymət artımına nəzarət edilməlidir. Süni şəkildə qiymət artımı baş verirsə, dövlət qurumları tərəfindən həmin qiymətlərin optimallaşması lazımdır. Eyni zamanda, Novruz bayramında daha çox tələb olunan məhsulların satışı ilə bağlı yarmarkaların keçirilməsi məqsədəuyğundur. Kənd Təsərrüfatı tərəfindən belə yarmarkaların keçirilməsi və məhsulların daha ucuz qiymətə təklif edilməsi mümkündür. Bu gün fermerlərin pandemiya səbəbindən ixrac imkanları əvvəlki illə müqayisədə azalıb. Həmin məhsulların yarmarka vasitəsi ilə daha münasib qiymətə satışa çıxarılması, bununla da qiymət artımlarının qarşısının alınması mümkündür. Bu vətəndaşlar üçün seçim imkanı olacaq, onlar yarmarkalarda fermerlərin birbaşa satdığı məhsulları ala biləcəklər. Bu, Novruz bayramı ərəfəsində qiymət artımlarının qarşısını ala bilər. Hökumət qurumları tərəfindən həm bazarda monitorinqlərin gücləndirilməsi, süni qiymət artımlarına qarşı mübarizənin genişləndirilməsi, ixtisaslaşmış yarmarkaların təşkili vasitəsi ilə qiymət artımlarının qarşısının alınması və daha münasib qiymətə bayramda istifadə olunacaq ərzaq məhsullarının təklif edilməsi daha məqsədəuyğun olardı”.

İqtisadçı-ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərlinin fikrincə, siqaretin qiymətinin artması gözlənilən qərar idi:

“Çünki fevral ayında aksiz dərəcələrinin artırılması ilə bağlı qərar verilmişdi. Gözləndiyi kimi aksizlərin yerinə yetirilməsi nəticəsində, qiymətlər artdı. Logistik xərclər də artıb. Yəni dizel yanacağının 34 faiz artması, bütün daşımalara təsir göstərir. O cümlədən, siqaret sahəsində də bunun təsirləri var. Tütün məmulatları və alkoqollu içkilər sosial məsələ olmadığı üçün dünyada bütün hökumətlər, o cümlədən Azərbaycan hökuməti rahatlıqla bunun qiymətini, vergi dərəcələrini qaldırırlar. Burada bunu anlaşıqlı qəbul etmək olar. Amma ərzaq məhsullarının qiymətlərinin kəskin artması, insanları çox narahat edir. Bayramqabağı qiymət artımı daha da sürətlənib. Bu da nəticə etibarı ilə insanların sosial vəziyyətinə ciddi təsir göstərir. Qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri odur ki, təqribən 10 faizə yaxın dünyada ərzaq indeksi bahalaşıb. Azərbaycanda da dizel yanacağının bahalaşması logistik xidmətlərə, daşımacılığa ciddi mənfi təsir göstərib. Ərzaqların maya dəyərinin artmasında rol oynayır. Subyektiv səbəb isə Azərbaycanda topdan satış bazarında oyunçu sayının azlığıdır. Burada inhisarçılıq meyilləri hiss olunur. Pərakəndə satış bazarı daha liberaldır. Yəni çoxlu sayda oyunçu olsa da topdan satış bazarında kifayət qədər problemlər var. Ölkəyə mal gətirən, istehsal edən oyunçu sayı azdır. Bunun nəticəsində də qiymət artımına səbəb olan əsas məsələlərdən birinə çevrilib. Çünki rəqabət olmadıqda qiymətlər daha sürətlə artır”.

İqtisadçı-ekspert Elman Sadıqov isə qeyd edib ki, məsələ təkcə siqaretin qiymətlərinin artması ilə bağlı deyil:

“Həm siqaretin, həm də digər məhsulların qiymətinin artması tendensiyası gedir. Dünya bazarlarında da müəyyən əmtəələrin qiymətlərində artımlar var. Amma bundan sui-istifadə edərək əmtəələrin qiymətlərinin artırılması halları xüsusi ilə inkişaf etməkdə olan ölkələrdə baş verir. Məhz bu ölkələrdəki qiymət artımları isə daha çox süni qiymət artımlarıdır. İnkişaf etməkdə olan ölkələrdəki gəlirlər inkişaf etmiş ölkələrdəki gəlirlərlə müqayisədə aşağıdır. Çox təəssüf ki, qiymət artımı inkişaf etməkdə olan ölkələrdə daha çoxdur. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Süni qiymət artımına səbəb olan subyektiv amillərə nəzər salaq. Birinci əsas səbəb, inhisarçılıqdır. İnhisarçılıq və ya monopoliya iqtisadi nəzəriyyədə bazar iqtisadiyyatında kapitalist cəmiyyətinin ən böyük problemlərindən biri kimi xarakterizə olunur. Müxtəlif cərəyanların, iqtisadi nəzəriyyələrin banisi və tərəfdarı olan iqtisadçılar iqtisadi münasibətləri ciddi şəkildə dağıtdığı ilə bağlı yekdil rəyə malikdirlər. Konkret olaraq, monopoliyanın nə olduğunu bilmək üçün bazarı dərk etməliyik. Monopoliyanın təhlükəliliyi ondan ibarətdir ki, bazar münasibətlərinə, bazardakı obyektiv gedişata subyektiv dağıdıcı təsirləri olur. Bazar münasibətləri əsasında formalaşmalı olan qiymətlər bu münasibətlərlə deyil, monopolist şirkətlərin diqtəsi ilə subyektiv amillərlə tənzimlənir. Bu ən böyük problemlərdən biridir. Qiymətlərin təyin olunmasında tələb və təklif, məhsulun satış həcmi, pul dövriyyəsi çox önəmlidir. Yəni bir şirkətdə məhsulun satış həcmi artırsa, həmin şirkət qiymətləri aşağı sala bilir. Çünki daha çox qazanc, hasilat əldə edir. Nəticə etibarı ilə optimal qiymət tapır. Monopolist şirkət isə satış həcminin artmasından asılı olmayaraq, qiymətləri aşağı salmaqda maraqlı olmur. Çünki, məhsul hər bir halda satılacaq. Əgər bayramqabağı bazarda bir neçə həqiqi rəqabətçi şirkət olsaydı dövriyyəni nəzərə alaraq daha çox məhsul gətirərdilər. Rəqabət və məhsul bolluğu nəticəsində də daha çox satmağa çalışardılar. Nə üçün bütün dünyada bayramlarda, festivallarda qiymətlər aşağı enir? Çünki, satıcılar qiymət marjasından daha çox dövriyyədən, satışın artmasından qazanırlar. Nəticədə qiymətlər aşağı enir. İstər siqaret, istərsə də digər məsələlər sadəcə olaraq, şirkətlərin bazardakı mövqelərindən sui-istifadə etməkləri deməkdir. İkinci məsələ monopoliya həm iqtisadiyyat, həm də monopolist şirkətlərin özləri üçün təhlükəlidir. Çünki monopolist şirkətlər daha çox subyektiv amillər üzərində böyüyürlər. Nəticədə, şirkətin sağlam böyüməsinin, yoxsa şişməsinin baş verdiyini analiz edə, görə, fərqləndirə bilmirlər”.

Ekspert əlavə edib ki, süni şişmə prosesi gedir: “Bu proses isə ya əvvəl-axır şirkətin öz-özünü yeməsi və ya iqtisadiyyatdakı hər hansı hətta zəif çalxantı səbəbindən də məhv olması ilə nəticələnir. Təbii yolla böyümüş korporasiyalardan fərqli olaraq şişmiş monopolist şirkətlər parçalanarkən təəssüf ki, yerdə sağlam şirkət qalmır. Bu çox önəmli məsələdir. Yəni problemə yalnız siqaretlə bağlı yanaşmaq olmaz. Monopolist şirkətlər iqtisadi dəyər itkisi, ölkədən kapital axınına da birbaşa və dolayısı ilə səbəb olurlar. Hamının bildiyi sadə misalla bunun bir hissəsini izah etməyə çalışacam. Məsələn, benzinin hər dəfə qiyməti qalxarkən keyfiyyətinin artırılacağı deyilir. Amma əksinə qiyməti qalxdıqdan sonra keyfiyyətində də azalmalar olur. 92 markalı benzinin nə qədər keyfiyyəti aşağı olsa da, müxtəlif qatqılar qatılsa da fərqi yoxdur. Satışa mənfi təsiri cüzidir. Benzin satılacaq. Ona görə də rahat şəkildə bu proses gedir, davam edir. Amma bunun nəticəsində iqtisadiyyata zərər dəyir. Nəticədə avtomobillərin keyfiyyətsiz yanacaq səbəbindən ehtiyat hissələri, mühərrikləri sıradan çıxır, daha sürətlə aşınır. Bunları isə xaricdən idxal edirik. İtkilər milyonlarla dollarla ölçülür. Monopolist şirkətlərin birbaşa kapital qaçışına səbəbi isə başqa mövzudur. Hər bir halda bu da iqtisadiyyatın acı reallığıdır”.