Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilmişdir.
Baş Prokurorluqdan APress.az-a verilən məlumata görə, Şamaxı rayon polis şöbəsinin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ömərzadə Zahid Xandadaş oğlunun – 2014-2015-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif işlərə düzəltmək adı ilə onlardan xeyli miqdarda pul vəsaitini alaraq etibarlarından sui-istifadə edib aldatma yolu ilə dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Zahid Ömərzadə barəsində beynəlxalq axtarış elan edilmişdir.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zahid Ömərzadə 11.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişdir