Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi davam edir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APress.az-a verilən məlumata görə, Bakı şəhərində koronavirusla bağlı mövcud vəziyyət nəzərə alınaraq aprel ayının 24-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən cari ildə dördüncü, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə artıq 22-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinələrındə, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Bildirilib ki, əsas məqsədi vətəndaşlarımızı bu pandemiyadan qorumaq olan geniş dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və bu tədbirlər davam etdiriləcək: “Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər”.