Ənənəvi olaraq hər il təşkil edilən “JARA” beynəlxalq musiqi festivalı bu dəfə Moskvada “Lujniki” stadionunda keçiriləcək.
APress.az axşam.az-a istinadən xəbər verir ki, tədbirin tərtibatı əvvəlki kimi olacaq. Festivala gələn musiqisevərlər beş gün ərzində Rusiya və MDB ölkələrindən 200-dən çox sənətçinin rəngarəng konsert repertuarını dinləyəcəklər. Bu il “JARA” 23-27 iyun tarixlərində baş tutacaq.
“Bəzi məsələlərə görə, festival ötən il və bu il Bakıda keçirilmədi. Bundan sonra “JARA”nı Moskvada təşkil etmək qərarına gəldim. Üç açıq səhnəmiz və 200-dən artıq ifaçı, o cümlədən maraqlı tamaşalarımız olacaq. “Lujniki”dəki bu festivalın səs-küy yaradcağına əminəm” – deyə, festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov bildirib.
“JARA”da Emin Ağalarovla yanaşı, Filipp Kirkorov, Polina Qaqarina, Valeri Meladze, Ani Lorak, Sergey Lazarev, Maks Barskix, Qriqori Leps, Vera Brejneva, Nikolay Baskov və digər məşhur simalar da səhnə alacaqlar.
Qeyd edək ki, beynəlxalq musiqi festivalı Rusiyanın “Birinci kanal”ı vasitəsilə yayımlanacaq.