Bu şəxslərin Rusiyanı tərk etmək üçün cəmi 1 gün vaxtları qaldı – REYDLƏR BAŞLAYIRbackend
Dünya
292

Bu şəxslərin Rusiyanı tərk etmək üçün cəmi 1 gün vaxtları qaldı – REYDLƏR BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qeyri-leqal miqrantların Rusiyanı tərk etmək, yaxud öz sənədlərini qaydaya salmaq üçün cəmi 1 gün vaxtları qalır. 
Sfera.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq xarici ölkə vətəndaşları üçün ötən ilin aprelindən etibarən tətbiq edilən güzəştlərin müddəti iyunun 15-də başa çatır. TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir ki, bu güzəştin müddəti uzadılmayacaq.
“Xeyr, uzatmaq planlaşdırılmır”, -agentliyin miqrantlar üçün güzəşt müddətinin uzadılıb-uzadılmayacağı barədə sualına cavab olaraq mənbə bildirib. Moskvaətrafındakı Vahid miqrasiya mərkəzindən də miqrantların ölkədə qalması üçün güzəşt müddətinin uzadılması haqda onlara təlimat daxil olmadığını deyiblər.
Xatırladaq ki, ötən ilin aprelində, koronavirus pandemiyasına görə sərhədlərin bağlandığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin xarici ölkə vətəndaşlarının ölkədə qalmasına imkan verən fərman imzalayıb. Ötən ilin dekabrında Putin fərmanın müddətini uzadıb və nəticədə sənədləri qaydasında olmayan xarici vətəndaşların Rusiyada bu il iyunun 15-nədək qalmasına imkan yaranıb.
Qaydalara əsasən Rusiya ilə hava əlaqələri bərpa olunan ölkələrdən olan miqrantlar  hava əlaqələrinin bərpasından etibarən 90 gün ərzində Rusiyada öz vəziyyətlərini leqallaşdırmaq üçün faktiki yaşadıqları yerlərdə miqrasiya orqanlarına əsaslandırılmış ərizə ilə müraciət etməli, habelə Rusiyada qalma müddətinin uzadılmasına dair möhürün vurulması üçün öz miqrasiya kartlarını təqdim etməlidir. Rusiyanın hava sərhədlərini hələ açmadığı ölkələrin vətəndaşları isə daha 90 gün, yəni sentyabrın 12-nə qədər qala bilərlər. Rusiya Azərbaycanla hava sərhədlərini bu il fevralın 15-də açıb, nəticədə həmin müddətdən etibarən 90 gün ərzində (mayın 15-nədək) qeyri-leqal azərbaycanlı miqrantlar ya öz sənədlərini qaydaya salmalı, ya Rusiyanı tərk etməli idi.
Rusiya Daxili İşlər Nazirliyinin statistikasına görə, 2021-ci ilin birinci kvartalının yekunlarına əsasən bu ölkə ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min qeyri-leqal miqrant var idi.
Mayın 15-dən sonra Rusiyada azərbaycanlı miqrantlara qarşı kütləvi reydlərin həyata keçirildiyi barədə məlumatlar yoxdur, amma güzəştlərin müddəti uzadılmadığı üçün ehtimal edilə bilər ki, belə reydlər iyunun 16-dan başlayacaq. /Virtualaz.org