Yükdaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlara və sürücülərə növbəti dəfə xəbərdarlıq olunub. Avtomobilinə normadan artıq yük vuran sürücülər cərimələnəcəklər. Baş Dövlət Yol Polisi İdarəsi və Avtomobil Yolları Dövlət Agentliyi belə sürücülərə qarşı nəzarəti artırıb.
Avtomobilinə normadan artıq yük vuran sürücülər cərimə olunacaqlar.
Söhbət yük avtomobillərindən gedir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev “Xəzər Xəbər”ə açıqlamasında bildirdi ki, müşahidələr zamanı bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobillərinin oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yükləndiyi görünür.
Belə sürücülər yol təsərüfatına da ciddi ziyan vururlar. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, magistral yolların kənarlarında fasiləsiz olaraq tərəzi nəzarət məntəqələri fəaliyyət göstərir. Belə halların qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ də qaydaları pozan yük avtomobili sürücüləri var.
Yükdaşıma qaydalarını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 40 manatdan, 600 manata qədər cərimə olunacaqlar.