Cahangir Hacıyevi ittiham edən iş adamı həbs olundubackend
Gündəm
289

Cahangir Hacıyevi ittiham edən iş adamı həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlqar İsmayılov şirkətinin zorla əlindən alındığını deyirdi

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, İlqar İsmayılovun 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İlqar İsmayılovun işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır. Aprelin 5-də Binəqədi Rayon Məhkəməsində onun barəsində istintaq dövrü üçün 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.

İlqar İsmayılov xeyli vaxt idi ki, sosial şəbəkə hesablarında, müxtəlif media orqanlarına müsahibələrində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbəri Cahangir Hacıyevi ittiham edirdi. O bildirirdi ki, “İdeal” mağazalar şəbəkəsi zorla əlindən alınıb. İş adamının sözlərinə görə, o, “İdeal” mağazalar şəbəkəsini 1999-cu ildə təsis edib və 2011-ci ilin noyabrına qədər şirkətin tək sahibi olub. 2011-ci ilin noyabrında “PremiumBank”ın rəhbərliyində təmsil olunan şəxslər ona ortaqlıq təklif ediblər. O da təklifi qəbul edərək, “İdeal”ın səhmlərinin 50 faizini onlara satıb. 2015-ci ildən qarşı tərəf şirkətdəki qalan payı da istəyib. O isə razılaşmadıqda saxta kredit müqaviləsi hazırlayaraq, onu dələduzluq ittihamıyla həbs etdiriblər. İlqar İsmayılov deyir ki, həbsdə olduğu müddətdə onun qarşısına şərt qoyulub: ya şirkətdəki qalan payını da təhvil verib azadlığa buraxılacaq, ya da uzun müddət həbsdə qalacaq. O, şirkəti təhvil verməyə razılaşıb. Həbsdə olduğu müddətdə ora notariat kontorundan nümayəndə göndərilib və İlqar İsmayılovdan etibarnamə alınıb. Həmin etibarnamə əsasında da şirkət tam satılıb.

İlqar İsmayılov bununla əlaqədar müxtəlif dövlət orqanlarına şikayət edib, məhkəmələrdə iddialar qaldırıb.

O, sosial mediada paylaşdığı son yazılarından birində vurğulamışdı ki, 2017-ci ilin mayında AZAL rəhbərinin kabinetində onun və xanımının hədə və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru vəzifəsində təyin etmək məcburiyyətində qalıb.

“PremiumBank” isə İlqar İsmayılovun adına saxta kredit müqaviləsi tərtib olunması haqda deyilənləri təkzib edib. Onun bu haqda iddialarının yalan olduğunu bəyan edib.

Müəlliflər: Meydan TV