Redaksiyamıza Göyçay rayonu Çayarxı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı Əliyev Nicat Əbilağa oğlu tərəfindən məktub daxil olub.
Məktubda illərdir anası ilə birlikdə açınacaqlı vəziyyətdə yaşamalarından və Göyçay Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir köməklik göstərilməsindən bəhs edilir.
“Mən anamla birlikdə çöllərdə yaşayırıq. Bizim yaşayışımızı görən dəhşətə gələr. Belə ki, mən Vətən müharibəsində N saylı hərbi hissənin tərkibində Suqovşan, Talışkənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qubadlının müdafiəsində olmuşam.Buna görə mən medallarla təltif edilmişəm. Atam vəfat edib, evimiz olmadığı üçün anamla birlikdə Göyçay rayonu Çayarxı kəndində çölün düzündə, köhnə uçuq-sökük ticarət köşkündə yaşayırıq. Dörd kv.m ölçüsü olan həmin ticarət köşkünün döşəməsi yoxdur, tavanı damır. Bu yer heyvan saxlamağa yaramır, ancaq biz burada yaşamağa məcbur olmuşuq. 10 il əvvəl borca düşdüyümüz üçün evimizi satıb köhnə ticarət köşkünü kəndin çöllüyünə qoyub yaşayırıq. Daş bazarında fəhləlik edirəm ki, buna görə elə olur günlərlə işim olmur.
Göyçay Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişəm, ancaq heç bir köməklik göstərilməyib”.
Nicatın sözlərinə görə, həttda o, Vətən müharibəsində olan zaman Göyçay rayon İcra Hakimiyyətinə zəng edib və tənha qalmış anasına iki ədəd çörək alınıb verilməsini xahiş edib. Ancaq xahişini nəzərə alan, bir dəfə də olsun anası ilə maraqlanan olmayıb.
“35 yaşım var evsizliyə, imkansızlığa görə hələ ailə həyatı qurmamışam. Yaşadığımız daxmanın qazı və suyu yoxdur. Elektirik enerjisinə görə 700 manat borcumuz yaranıb. Bəlkə də Azərbaycan Respublikasında bizim kimi acınacaqlı şəraitdə yaşayan ikinci bir ailə yoxdur. Sağlamam və əmək qabiliyyətinə malikəm. Lakin hələ də işlə təmin olunmamışam. Baxmayaraq ki, Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. Acından ölməmək üçün. Həyatda arzum evimizin olması və ailə həyatı qurmağımdır ki, imkansızlığa görə bu mümkünsüz olub. Mən mətbuat vasitəsilə cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb onlardan xahiş edirəm ki, mümkün olarsa, bizim ailəyə köməklik göstərəsiniz”,- deyə məktubda bildirilir.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Başçısı Mehdi Səlimzadəyə, Göyçay Rayonu İcra Hakimiyyətinə dəfələrlə zəng etməyimizə baxmayaraq, telefonlarımıza cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimyol.info