“Cəmiyyətimiz məcburi mediasiya prosesinə hazır deyil”backend
Cəmiyyət
384

“Cəmiyyətimiz məcburi mediasiya prosesinə hazır deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məcburi mediasiyanın tətbiqini heç olmasa, 2022-ci ilin yanvarın 1-dək təxirə salmaq lazımdır”.

Bunu e-huquq.az-a açıqlamasında vəkil Anar Qasımlı deyib. Onun sözlərinə görə, məcburi mediasiyanın tətbiqi ilə bağlı bir sıra çatışmazlıq var.

“Hesab edirəm ki, bizim cəmiyyət hələ ki, bu kimi alternativlərə tam hazır deyil. Məsələn, Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulur. Araşdırma aparsaq, görərik ki, bu illər ərzində bəlkə də cəmi 20-30 nikah müqaviləsi bağlanıb. Bu müqavilə nəyə görə məcburi deyil? Çünki nikah müqaviləsinin məcburi olması müqavilə azadlığı prinsipinə ziddir. Amma qanun bunu məcburi tələb kimi qoysaydı, nəticə etibarı ilə problemlərin bir çoxu həlllini tapmış olardı. Bu baxımdan mediasiya prosesi məcburi tətbiq edilir, çünki könüllü olsa, heç kim buna maraq göstərməyəcək. Mən mediasiyanın əleyhinə deyiləm, əksinə bu çox gözəl institutdur. Lakin ona hazır olmaq lazımdır. Bizdə hələ bununla bağlı təcrübə formalaşmayıb. Məsələn, mediasiya prosesi üçün müraciət Bakıda nəzərdə tutulub.Təsəvvür edin ki, Gədəbəydə yaşayan bir vətəndaş boşanmaq istəyirsə, gəlib Bakıda müraciət etməlidir. Bu reallıqdan uzaq məsələdir. Ümumiyyətlə, bizdə hər hansı bir yenilik tətbiq olunduqda dünya təcrübəsi əsas götürülür, ona milli kolorit qatmırıq, yerli şəraiti nəzərə almırıq. Səhv etmirəmsə, hazırda təxminən 300 mediator var. Tutaq ki, boşanmaların sayına baxdıqda, bu rəqəm azdır. Yəni, bu işləri çatdırmaq lazımdır, mediatorların da iş yükü nəzərə alınmalıdır, – deyə A.Qasımlı bildirib.

O hesab edir ki, məcburi mediasiyaya ailə məsələlərinin daxil edilməsi düzgün deyil: “Məsələn, alimentin artırılması ilə bağlı işlər var, bunlar mediasiyaya getməlidirmi? Məhkəmə aliment kəsib, indi həmin alimentin məbləği artırılmalıdır. Bu məsələ mediasiyadan keçməlidirmi? Bu sualın cavabını birmənalı şəkildə nə vəkillər verə bilir, nə hakimlər, nə də mediatorlar. Müzakirə zamanı fərqli cavablar alırıq. Ailə münasibətləri bu gün məhkəmələrdə geniş yayılıb. Amma bir çox suallar var ki, onların konkret cavabı yoxdur. Amma vərəsəliklə bağlı məsələlərin mediasiyadan keçməsinin tərəfdarıyam. Yəni, mediator mirasın necə bölünməli olduğunu izah edəcək və bununla da vərəsəlik məsələləri məhkəməyə getməz, məhkəmədən kənar həllini tapar”.

Vəkil günü - Anar Qasımlı yazır

A.Qasımlı təklif edir ki, mediasiya prosesinə maraq yaratmaq üçün ilkin dövrlərdə müraciət etmiş vətəndaşlar dövlət rüsumundan azad olunsun: “Eyni zamanda mediatorların da ilkin dövrlərdə dövlət rüsumundan azad edilməsi məsələsi gündəmdə olmalıdır. İnsanlar gəlib tamamilə pulsuz formada problemlərini həll edə bilsinlər. Yəni, mediasiya institutunun inkişafı üçün stimul yaratmaq lazımdır”.

Vəkil mediasiya prosesinin modeli ilə bağlı təklif də irəli sürüb. O hesab edir ki, medaitorlarla məhkəmələr arasında ciddi əlaqə olmalıdır: “Mən mediasiya prosesinin bu cür aparılmasını təklif edərdim: Tutaq ki, şəxs boşanmaq istəyir. Bu zaman o, bütün lazımi sənədləri hazırlayıb məhkəməyə təqdim etsin. Məhkəmə işi ərazi üzrə mediatora göndərsin. Mediator tərəfləri dəvət etsin və onları barışdırmaq üçün səy göstərsin. Əgər istənilən nəticə əldə olunmasa, o zaman işi yenidən məhkəməyə göndərsin. Yaxud da hər hansı nəticə əldə olunubsa, bu zaman da həmin qaydada iş göndərilsin və məhkəmə xitam versin. Ümumiyyətlə, prosesi elə qurmaq lazımdır ki, vətəndaşlar məmnun qalsınlar. Onsuzda bir müddət sonra təcrübə formalaşacaq, insanlar bundan sərbəst istifadə edə biləcəklər. Amma indi nə qədər ki, təcrübə yoxdur, bir pilot layihə kimi başlamaq olardı”.