“Cinsi tərbiyə dərslərinin keçirilməsi vacibdir” – Ekspert rəyləribackend
Təhsil
32

“Cinsi tərbiyə dərslərinin keçirilməsi vacibdir” – Ekspert rəyləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi Şərqdə qapalı mövzu hesab edilir. Buna baxmayaraq, uşaqlar hər şeyi vaxtında bilməlidir”.
Bunu Sfera.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. O bildirib ki, zamanında psixoloji baxımından nəyin nə olduğu aydınlaşdırılsa daha yaxşı olar və uşaq bunu qavrayaraq özünü müdafiə edə bilər:
“2-3 yaşından uşaqlara intim bölgənin nə olduğu, özündən, valideynlərindən, həkimindən başqa kimsənin toxunmamalı olduğu uyğun dildə başa salınmalıdır. O cümlədən izah edilməlidir ki, intim zonalar onun məhrəmidir və kiməsə göstərmək olmaz. Bunları qısa və ciddi şəkildə valideynlər övladlarına anlatmalıdır. Yaş artdıqca isə ona hər hansı bir şəxsə istəyi olmadan toxumağın düzgün olmadığını deməliyik. Məsələn, bu gün uşaqları məcbur tutub öpürlər. Yaxud, bizdə bir adət var, qonaq gələndə uşağı onunla görüşməyə məcbur edirik. Əslində bu, uşağa problem yaşadır. Biz bir tərəfdən qeyd etdiyim məqamları desək də, digər tərəfdən də uşağı icazəsi olmadan, istəmədiyi şeyi etməyə vadar edirik. Bu, qaydaların bizim tərəfimizdən pozulmasına gətirib çıxarır”.
Müsahibimiz deyib ki, zamanla uşaq da məcbur öpülməni aqressiya ilə qarşılamır və hətta bunu sevginin bir göstəricisi kimi görür: “Bu isə onda, psixoloji təcavüzə, istismara meyllilik yarada bilir. Yəni artıq o, nəyin baş verdiyini başa düşə bilmir – qarşı tərəf onu sevdiyinimi, yoxsa istifadə etdiyinimi. Bundan əlavə, bəzi nüanslar da var ki, özünü qabarıq şəkildə göstərir. Məsələn, cinsi tərbiyə deyən zaman ancaq intim münasibət nəzərdə tuturuq. Lakin uşağa əvvəlcədən özəl nöqtələrini göstərib başa salsaq, daha rahat olar”.
Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, cinsi tərbiyə dərslərin keçilməsi vacib və lazımdır:
“Cinsi və ya seksual tərbiyə dərsi intim həyatın necəliyindən ibarət deyil. Hamı cinsi tərbiyə dedikdə, uşaqlara nə isə tərbiyəsiz bir mövzu keçiriləcəyini düşünür. Orada pornoqrafiya, erotikadan söz getmir. Bu, geniş anlayışdır. Azərbaycanda indiki zamanda bir çox ailələrdə vəziyyət çox pisdir. Nə qadın, nə də kişi ailədə funksiyalarını düzgün yerinə yetirmir. Bu dərsdə biologiya, fiziologiya deyil, kifayət qədər sosioloji və psixoloji məqamlar var. Məsələn, oğlanlara kişi kimdir, necə olmalıdır, onun ailədə rolu, həmçinin qızlara necə qadın, ana olmaq lazımdır, onun ailədə rolu tədris olunmalıdır. Bir sözlə, seksual tərbiyə bu deməkdir. Məsələn, yetkinlik yaşına çatanda həm qız, həm də oğlanların orqanizmində dəyişiklik yaranır. Böyük əksəriyyət məlumatsız olduğundan, utandığından, heç nə soruşmur və baş verənləri qorxu ilə qarşılayırlar. Hətta intihara cəhd edən uşaqlar da olur. Bütün bunlar uşaqlara düzgün cinsi tərbiyənin verilməməsindən irəli gəlir”.
Ekspert deyib ki, burada əsas narahatlıq doğuran səbəb “seksual təhsil”i  tədris edəcək mütəxəssislərlə bağlıdır:

“Bu, çox həssas və təhlükəli məsələdir, proqramı işləyib hazırlamaq çox böyük həssasiyyət tələb edir. Baxmayaraq ki, seksual maarifləndirmə fənni uşaqlara vacibdir, ancaq bu işi üzərinə götürən şəxslərin onun öhdəsindən nə dərəcədə gələcəkləri tərəddüd yaradır. Həqiqətən, azərbaycanlı məktəbliyə bu lazımdır, yoxsa yox. Çünki bizlər konkret insanlarıq, heç vaxt gələcəyi düşünmürük. Ona görə də biz bu məsələlərə barmaqarası baxırıq. Bu dərslər vacibdir, əgər onu düzgün qursaq, nəvələrimiz düzgün böyüyəcək, qızlarımız çölə atılmayacaq, evdə döyülməyəcək, söyülməyəcəklər. Hesab edirəm ki, hazırda cəmiyyətin üzləşdiyi kriminalın, boşanmaların, eləcə də zorakılıq faktlarının kökündə insanların seksual tərbiyəsinin olmaması durur. Amma bu kimi vacib bilik və bacarıqlar mütəxəsislər tərəfindən keçirilsə, problemlərin sayı kəskin şəkildə azalar”.