Dünya miqyasında koronavirusa yoluxma və ölüm hallarında azalma tendensiyası müşahidə olunsa da, planetin bəzi yerlərində virusla bağlı vəziyyət tam əksidir. Həmçinin bəllidir ki, kütləvi immunitet yaranarsa, virus daha geniş arealda yayıla bilmir. Bir çox ekspertlərin fikrincə, arzulanan kütləvi immunitet 60 faizdən yuxarı olmalıdır.
Maraqlıdır, Azərbaycanda kütləvi immunitetin arzulanan səviyyəyə çatması nə qədər zaman alacaq?
Tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə Sfera.az-a açıqlamasında bildirib ki, kütləvi immuniteti vaksinasiya vasitəsilə, yaxud insanların təbii yolla xəstələnməsi ilə formalaşdırmaq mümkündür:
“Eyni zamanda insanlar infeksion xəstəliyə – koronaya yoluxur və paralel olaraq digər yoluxmayan insanlar vaksinasiyaya cəlb olunurlar. Əgər vaksinasiya ilə kütləvi immuniteti yaratmaq istəyiriksə, əhalinin 50 faizindən yuxarısı bu prosesdə iştirak etməlidirlər. İnsanların təbii yolla xəstələnməsini gözləsək, onda kütləvi immunitetin formalaşması üçün illər lazım olacaq.
Statistikaya baxsaq, son bir ildə cəmi 300-350min insan koronavirus xəstəliyini keçirib və həmin şəxslərdə immunitet yaranıb. Amma 4 ay ərzində təqribən bir milyondan artıq vətəndaş vaksinasiyada iştirak edib. Yəni, kütləvi immunitetin qısa zamanda formalaşması üçün ən düzgün addım peyvəndləmənin aparılmasıdır”.
Digər müsahibimiz, tibb üzrə ekspert Adil Qeybulla isə saytımıza danışarkən deyib ki, kollektiv immunitetin yaranması formalaşan immunitetə bağlıdır:
“Bilirsiniz ki, bir milyona yaxın insan vaksinasiya prosesində iştirak edib, xeyli insan da xəstələnib və immunitetləri formalaşıb. Vaksinasiyadan sonra immunitetin formalaşması, onun nəticələri ilə bağlı hələ tam əmin deyilik. Ona görə də Azərbaycanda kütləvi immunitetin nə zaman formalaşacağını birmənalı demək çətindir.
Lakin koronavirus demək olar ki, əhalinin 90 faizinə toxuna bilib. Bu baxımdan əhalinin böyük kəsimində immunitet formalaşıb. Yəqin ki, növbəti mutasiyalar olmazsa, biz yayın sonuna qədər bu məsələni yekunlaşdıra bilərik”.