Deputat Eldəniz Səlimov – Nadirülvücud ŞƏXSbackend
Cəmiyyət
419

Deputat Eldəniz Səlimov – Nadirülvücud ŞƏXS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Seçildiyi”dairədə məntəqə sədrlərindən başqa heç kəsin sonralar üzünü görmədiyi xəyali insan, deputat Eldəniz Səlimov.

Yaxşı ki, Milli Məclisə gedib gəlir. Nə də olsa o 125 nəfərin içində Xaçmazın 2 deputatından biri “yeri”ni boş qoymur. Lazım olanda oturacağının altındakı o yaşıl “knopka”nı basıb səsvermədə iştirak edir. Barmaqlarına qüvvət.

Öz dairəsindəki insanlar və onları narahat edən sosial problemlər isə onun vecinə də deyil. Mən öz dairəsi deyərkən seçici dairəsini nəzərdə tuturam. Bu dairədən fərqli olaraq o öz “dairə”sindəki insanlara qarşı çox humanist və arzuolunandır. Deyirlər çox yaxşı oğlandır. Amma biz ona gözəllik müsabiqəsində səs verməmişik, parlamentdə bizi təmsil etməsi üçün səs vermişik. Parlament iclasları və sessiyaları xaric boş qalan bütün zamanını o öz “dairə”si ilə keçirir. Bizim qulaqlarımıza gəlib çatacaq qədər yaxşı. Hətta o qədər sadə davranış sərgiləyir ki, bəzən öz sürücüsünə də əziyyət vermir. Xidməti avtomobilini  özü idarə edir.

Bəzən mən onu xüsusi təyinatlı hərbi qulluqçu hesab edirəm. Seçicilərlə elə intensiv və “reaktiv” görüşlər keçirir ki, müsahibələri dərc olunan xəbər saytları görüşdən bir neçə saat əvvəl yayımlayırlar o xəbərləri. O tragikomik “görüş”lərdən danışmaq istəmirəm. Onun fəaliyyəti ilə bağlı kiçik bir sorğu keçirmək kifayətdir. Əgər Xaçmazın onun seçki dairəsinə aid olan 10 seçicisindən biri onu tanısa qələmim gözümə girsin.

Ən populyar müdafiə arqumenti isə budur. ”Mən nə edə bilərəm axı?”

Prinsip etibari ilə Xaçmazın digər deputatı da (56 saylı Xaçmaz kənd SD) ondan çox fərqlənmir. Nədənsə Xaçmaza daha nüfuzlu və “qabarit”li insan məsləhət görülmür ele bil parlament üçün. Eldəniz Səlimova bir sual vermək istəyirik. Sonuncu dəfə hansı seçiciniz ilə telefonla danışmısız? Bu mandatı sizə əlavə imtiyazlar üçün bir vasitə olaraq verməyiblər. Veriblər ki, insanlara xidmət edəsiniz. Onların yanlarında olasınız.

Təkcə ötən həftə 7times.az-a Xaçmaz rayonundan 10-dan çox müraciət daxil olub. Amma sözügedən problemlərlə bağlı bir nəfər də sizin qapınızı döyməyib.Niyə? Belə “deputat” olmağa nə var ki…

Sonuncu dəfə nə vaxt bir şəhid, qazi qapısını döymüsünüz? Bəs öz dairənizin mövcud problemləri ilə əlaqədar hansı nazirliyə gedib xəbərdar etmisiz? Çox çətin suallardır bilirəm. Ağac dibindən su içər. Ağac demişkən, bu rayona bir ağac qədər xeyir vermişdinizmi gedib Xudatda yüzlərlə ağacı kəsib məhv etdiniz. Qanunverici bir orqanda təmsil olunursunuz. Amma özünüz qanunlara əməl etmirsiniz. Yoxsa yol hərəkəti qanunlarını pozduğunuz üçün ödəmədiyiniz cərimələrə görə xidməti avtomobiliniz Milli Məclisin qarşısından cərimə meydançasına aparılmazdı. Məncə müstəqillikdən sonra Azərbaycanda bu bir “ilk” idi. Tez-tez radara düşürsünüz. Hara tələsirdiniz? Biraz təmkinli və müdrik davranmaq lazımdı Eldəniz müəllim. Qanunlar qarşısında heç kəsin xüsusi imtiyazı yoxdur.Tələsirsinizsə Sahibə xanıma müraciət edin sizi operativ nəqliyyat vasitəsi ilə təmin etsin. Ya da  2 nəfərlik kiçik bir helikopterlə. Hələlik bu qədər. Ümimiyyətlə bütün dövlət qulluqçuları vəzifəsindən aslı olmayaraq həm davranışlarına həm də bu dövlət qarşısındakı müqəddəs vəzifələrinin tələblərinə ciddi əməl etməlidir. Abırlarını yeyib həyalarını belinə bağlamalıdırlar. Eldəniz Səlimova gəldikdə isə, biz növbəti parlament seçkilərində onun namizədliyinə də etiraz edəcəyik. Belə deputatımız olmaqdansa qoy o yer boş qalsın. Bilək ki, yoxdur. Bu həqiqət onun “var” olması reallığından daha şirin və daha qəbulediləndir.