Ötən gün Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı isə bağlı araşdırmanı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsən nəzarətə götürüb.
Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyev məsələ ilə bağlı Bakıya çağırılıb. Z.Mirzəyevin ilkin ifadəsi Daxili İşlər Nazirliyinin istintaq idarəsində alınıb və fakta hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa müraciət edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin faktla bağlı araşdırmalara başladığını təsdiqləyib.
Qeyd edək ki, hadisə 28 iyul gecə saatlarında baş verib. Deputat Eldəniz Səlimov qohumuna aid restoranların birində yeyib-içərkən polis əməkdaşları gələrək, artıq gecə 12 olduğunu bildirib və restoranın artıq fəaliyyətini dayandırmalı olduğunu bildiriblər. E.Səlimov isə polislərdən restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. // Bakupost.az