Deputatlar BNA-ya etiraz edir, sözçü isə işi “malalayır” – Söz dueli!backend
Cəmiyyət
386

Deputatlar BNA-ya etiraz edir, sözçü isə işi “malalayır” – Söz dueli!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fazil Mustafa:“Sürücülərin BNA soyğunçularının əlindən nələr çəkdiyini çox yaxşı bilirəm”
Mais Ağayev: “Millət vəkilinə şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”
Etibar Əliyev:”Bunun nə qədər təhlükəli olduğunu yəqin ki, Mais Ağayev bilmir”
Millət vəkili Fazil Mustafa Bakı Nəqliyyat Agentliyinin (BNA) faəliyyətini sərt tənqid edib. Deputat bununla bağlı Feysbuk hesabında yazıb:
“Xatırlayırsınızsa, ötən gün bir müsahibəmdə Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən soyğunçuluq mexanizmi haqqında fikirlər səsləndirmişdim. Bildirmişdim ki: “BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan?” Üstəlik də hər gün minlərlə nəqliyyat idarə edən Azərbaycan vətəndaşı müəmmalı şəkildə qeydiyyat aparan kameralar vasitəsi ilə cərimələnir və haradasa ölkədə boynunda cəriməsi olmayan vətəndaş tapmaq çətindir.
Hamımız bilirik ki, pandemiya dövründə vətəndaşların gəlirləri xeyli azalmış, insanlarımız yoxsullaşmış, məşğulluq səviyyəsi də aşağı düşmüşdür. Digər tərəfdən ölkə prezidentinin rəhbərliyi altında 44 günlük savaşda qazanılan qələbə üçün də imkanı çatan hər bir vətəndaşımız canı ilə, qanı ilə, malı ilə böyük fədakarlıq göstərmişdir. İndi bu vətəndaş hər gün şəhərdə əksər yerlərdə iki dəqiqə avtomobilini saxlamaqla böyük bir cərimə yükünü öz boynuna götürməli olur. Üstəlik də avtobus yollarının digər nəqliyyat vasitələrinin yolunu daraltmaq hesabına zolaqla ayrılması da şəhərdə lüzumsuz tıxacların yaranmasına səbəb olur. Bütün bunların ağrısını, acısını onsuz da yoxsul vəziyyətdə olan vətəndaşımız çəkməkdədir. Bu həm də 44 savaşda qələbəmizin memarı olan ölkə prezidentinin apardığı siyasətə qarşı narazılıq elementlərinin artmasına səbəb olan ciddi amillərdən biridir.
Bütün bu tənqid və iradlarıma cavab verən BNA təmsilçisi bunların ağ yalan olduğunu və Agentliyin müqəddəs bir fəaliyyətlə məşğul olduğunu iddia etməyə çalışdı. Üstəlik bizim məqsədli şəkildə bu ittihamları səsləndirdiyimizi xüsusi olaraq vurğulayıb. Burada əslində haqlılıq payı mövcuddur, çünki həqiqətən də bu irad və ittihamları səsləndirməkdə məqsədimiz var və əsas məqsədimiz də BNA tərəfindən cərimə oyunbazlığı vasitəsi ilə sürücülərin kütləvi şəkildə soyulmasının qarşısını almaqdır. Maraqlıdır ki, görülən işlərin miqyasını görmək üçün bu qurumun mətbuat xidmətinin rəhbəri şəxsimə alternativ iki hərəkət formasından birini seçməyi tövsiyə edib. Həm də bunun qurumun rəhbərliyi və bütün kollektivi adından edilən tövsiyə olduğunu vurğulayıb. Bunlardan birincisi, bəndənizə şəhərdə piyada gəzmək, ikincisi isə ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur. Burada əlbəttə, tövsiyənin hər iki variantından aydın olur ki, qurumun rəhbəri kimi onun mətbuat xitmətinin rəhbəri də sadəcə savadsızdır. Əlbəttə, biz millət vəkili kimi öz seçki dairəmizdə seçicilərin yaşadığı yerlərə baş çəkərkən piyada gəzirik və bunu həmişə zövqlə edirik. Ancaq yuxarıda da vurğuladığım kimi, bəndəniz piyadaların soyulmasından deyil, bilavasitə avtomobilini idarə edən sürücülərin soyulmasından bəhs etmiş. Yəni piyada gəzməklə mənim müşahidə obyektimin nə olacağına hansısa aydınlıq gətirilməmiş. Demək ki, tövsiyənin bu hissəsində piyada hərəkət deyil, özümün şəhərdə müşahidə aparmaq üçün şəxsən avtomobili idarə etməyim təklif oluna bilərdi. O isə hər kəs bilir ki, mənim, ümumiyyətlə sürücüm yoxdur və şəhərdə avtomobilimi özüm idarə etdiyimdən sürücülərin BNA soyğunçularının əlindən nələr çəkdiyini çox yaxşı bilirəm. İkinci tövsiyəyə gəldikdə isə, burada da hökmən dəqiqləşdirilmə aparılmalıydı. Ümumi şəkildə ictimai nəqliyyatla hərəkətdən söhbət gedib, ancaq bilmək istərdim ki, metro ilə getməliyəm, yoxsa avtobusla? Fərq ondadır ki, metrodakı tunellərdə soyğunçuluğu həyata geçirmək üçün praktik imkan olmadığına görə burada BNA ilə hansısa anlaşılmazlığımız ola bilməz. İşdir, əgər avtobusla hərəkətimiz nəzərdə tutulursa, avtobusa kəsilən cərimənin sərnişin statusundə mənə nə aidiyyatı olacaqdır, doğrusu bunu aydınlaşdırmaq xeyli çətindir. Bax budur, sadə bir cümləni qura bilməyənlər bir yerə yığışıb  Bakı nəqliyyatını da beləcə iflic vəziyyətə salıblar. Mətbuat xidməti rəhbərinin bu tövsiyəsinin etik tərəfinə gəlincə, açığı anlaşılan budur ki, vətəndaşların kütləvi soyulması hesabına yığılan cərimələrin əhəmiyyətli hissəsi bu qurumun hesabına keçirilir. Demək ki, nə qədər vətəndaşın boğazından kəsilən pul çox olarsa, bu qurum və onun rəhbəri daha çox varlanacaq. İndi bir az yoxsuldurlar deyə,  səsləndirilən iradlara doğru-dürüst izah vermək yerinə hələ ki, bir millət vəkilinə piyada gəzməyi tövsiyə edirlər, ardınca digər millət vəkillərinə bu tövsiyə ediləcək, daha da varlanandan sonra nazirlərə və daha yuxarılara piyada gəzməyi tövsiyə edəcəklər. Bu qurumun belə bir iddialı rəhbəri  bu minvalla 2025-ci ildə özünün prezidentliyə namizədliyini versə qətiyyən təəccüblənmərəm. Burada da özlərini dolaşdırdıqlarının fərqində deyillər. Hamı piyada gəzməyə başlasa, əcəba indiyə qədər etdikləri görməmişliyi indi də piyadalardan cərimə pulu yığmaqlamı davam etdirəcəklər?
BNA adından verilən uğursuz açıqlamada diqqət çəkən əsas məqam isə başqadır. Bu açıqlamada hər şeydən danışılmış, “ağıllı” tövsiyələr verilmiş, ancaq vətəndaşları zinhara gətirmiş cərimələrdən, onların əsassızlığından, onların vətəndaşı ölkə rəhbərliyindən narazı salmağından bircə kəlimə də olsun danışılmamış. Açığı burada hiyləgər gedişi etiraf etmək lazımdır. Ancaq hiyləgər olmaq hələ ağıllı olmaq mənasına gəlmir. Ölkə prezidentinin vətəndaşa layiqli xidmət etmək niyyəti ilə yaratdığı BNA-nı Bakı Nəqliyyat Soyğunçuluğu Agentliyinə çevirdiyiniz üçün vətəndaşların məhkəmələrə kütləvi şikayətləri başlasa və sizlərə qarşı vurulmuş mənəvi və maddi ziyana görə kompensasiya tələbləri çoxalsa, əmin olun ki, Kürdəxanıda korrupsioner dostlarınızın yanına hansı formada getməyi millət vəkilləri hamınıza dəqiqliklə tövsiyə edəcəklər.
 
BNA-nın mətbuat katibi Mais Ağayev millət vəkilinin açıqladığı faktlar barədə fikir bildirib:
“Milli Məclisin üzvü, millət vəkili Fazil Mustafanın informasiya saytlarından birinə verdiyi müsahibə zamanı BNA barədə səsləndirdiyi qərəzli və subyektiv fikirlər təəssüf doğurur. Bu cür əsassız fikirlər Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı üçün şəhər nəqliyyat sistemində görülən tədbirlərə kölgə salır, ictimaiyyədə çaşqınlıq yaradaraq şübhə altına alır.
Deputat açıqlamasında BNA-nın ünvanına açıq ittiham irəli sürüb ki, bu da ağ yalandır və həqiqəti əks etdirmir.
Millət vəkilinin avtobus zolaqlarına qarşı səsləndirdiyi fikirlər isə ümumiyyətlə heç bir məntiqə sığmır. Bu zolaqların təşkilində məqsəd gündəlik ictimai nəqliyyat istifadəçisi olan və sayı iki milyondan artıq olan insanların hərəkət imkanlarını asanlaşdırmaqdır. Onların rahat, maneəsiz və təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Bu səbəbdən də bir millət vəkilinin ona mandat verən vətəndaşların rahatlığı üçün yaradılan şəraitə qarşı çıxması, məqsədli şəkildə tənqid etməsi təəccüb doğurur.
Avtomobil sürücüləri ilə müqayisədə hərəkət iştirakçıları arasında ictimai nəqliyyat istifadəçiləri əsas üstünlüyə malikdilər. Onların rahatlığını təmin etmək də daim dövlətin diqqət mərkəzindədir. Dövlət Başçısının tapşırığı ilə son beş ildə Bakı şəhərinin avtobus parkının həmçinin ictimai nəqliyyat infrastrukturunun müasirləşməsinə sərmayə qoyulması da bu diqqətin bariz nümunəsidir.
Millət vəkilinə şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik. Yalnız bu halda Fazil Mustafa ötən beş ildə şəhər nəqliyyatının ayrı-ayrı istiqamətləri üzrə görülən infrastruktur işlərinin əyani şahidi ola bilər.
BNA vətəndaşların rahatlığı üçün həyata keçirilən layihələr, onların müsbət təsirləri ilə bağlı davamlı maarifləndirmə və məlumatlandırma işləri aparır. Bunu nəzərə alaraq icra olunan layihələr, beynəlxalq təcrübədə bu işlərin hansı formada əksini tapması, ən əsası vətəndaşlarımızın bu işlərdən hansı formada bəhrələnəcəyi barədə millət vəkili eləcə də digər maraqlı şəxslərə təqdimatlar etməyə və onlarla açıq müzakirlərə də hazır olduğumuzu da qeyd edirik”.
 
Millət vəkili Etibar Əliyev həmkarının fikirləri ilə razılaşdığını, BNA rəsmisinin gülüş doğuran açıqlama verdiyini söyləyib:
“ Fazil Mustafanın “BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan?” fikirlərinə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev heç bir əndazəya sığmayan şəkildə cavab verib. İnanmıram ki, kimsə bu qurumun fəaliyyətindən razı qalsın. Fərz edək ki, biri özünü pis hiss edir, qan təzyiqi yüksəlib. Adam bunların qorxusundan aptekin yanında maşın saxlayıb, dərman ala bilməz. Avtobusların hərəkətinə gəldikdə isə Bunun üçün uzağa getməyə ehtiyac yoxdur. 20 yanvar, Neftçilər metrosunun ətrafı, Sabunçu və Suraxanı rayonlarındakı acınacaqlı və xaotik vəziyyəti müşahidə etmək kifayətdir. Millət vəkilinə şəhərdə piyada gəzməyi tövsiyyə edən mətbuat katibinin özü bunu edibmi? Etsəydi, vəziyyəti görərdi və belə kobud cavab verməzdi. İnsanların hərəkəti üçün səkilər yoxdur. Səkilərdə maşınlar park edirlər. Maşınların arasından keçmək mümkün olmadığından vətəndaş asfalta düşür və bunun nə qədər təhlükəli olduğunu yəqin ki, Mais Ağayev bilmir”.