“Bütün dünyada kənd və şəhər həyat tərzi kimi dünyagörüş, həmçinin mədəniyyətə, incəsənətə, mentalitetə baxış fərqli olur. Ənənələr, mühafizəkarlıq daha çox kənddə qorunub saxlanılır, şəhər isə daha liberal, çevik, modern yaşam tərzinə, estetik baxışlara malik insanların yaşağıdı mühit kimi tanınır”.
Bunu Sfera.az-a açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov ötən gün Xalq artisti Sərxan Sərxanın “Rayon camaatı nə bilir teatr, konsert nədir?” ifadəsi haqqında danışarkən bildirib. O vurğulayıb ki, şəhərlərin özləri də ayrı-ayrı kəndlərdən yaranıb:
“Məsələn, Bakı Əhmədli, Bakıxanov, Xırdalan və digər qədim kəndlərdən formalaşmış şəhərdir. Əslində isə, vaxtilə ancaq İçərişəhər və bir qədər də yaşıllıq olan tərəflərdə yaşayış olub. Ümumən coğrafi baxımdan Bakı yarımsəhra bir mühitdir, yaşıllıq az olduğuna, şirin su çatışmazlığına görə bura böyük şəhər sayılmayıb. İndi kimlərsə şəhərli, kəndli söhbətini ortaya atırlarsa, müəyyən subyektiv səbəblər olsa da, obyektiv fikir deyil. Ona qalsa, Bakı 19-cu əsrə qədər yalnız şirvanlılardan formalaşmış və bir az da Bakı kəndlərindən, daha çox qeyri-türk etnik qruplarından ibarət idi. Neft milyonçuları gələndən sonra Bakı böyüdü və qeyri-millətlər çoxalmağa başladı – o cümlədən, ruslar, ermənilər, az miqdarda gürcülər, abxazlar, ukraynalılar, polşalılar və yəhudilərdən ibarət maraqlı bir qat yarandı. Bununla əhalinin rus dilli qrupları ilə (yəhudi, rus, erməni, malakan və.s) türk dilli müsəlman əhali arasında fərq oldu. Təbii ki, digər millətlərin dünyagörüşü, incəsənətə baxışı ilə bizim baxışlarımızda müxtəliflik müşahidə edildi”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan tarixinə nəzər saldıqda, meydan teatrları, dini teatrlar, məclislər, toyların böyük mədəniyyət hadisəsi olduğunu görərik:
“Azərbaycanlılar konsert mədəniyyəti deyəndə günlərlə davam edən dastan , nağıl gecələri, aşıqların deyişmələri, o cümlədən meyxana deyişmələri kimi maraqlı şeylər yada düşür. Əlbəttə, bunlara öyrəşmiş və genetik kodunda belə bir konsept olan şəxsə biz opera və baleti hər gün dinləmək marağını nə aşılaya bilərik, nə də tələb edə bilərik. Yaxud klassik Avropa bəstəkar və xristian musiqisinə marağı necə oyada bilərik? Kənd, şəhər söhbətini edən şəxslər ya həddindən artıq dar düşüncəli adamlardır, ya da Azərbaycan , paytaxt mədəniyyətinə yalnız keçmiş SSRİ və rusların ideologiyası ilə baxanlardır. Bu insanlar çox təhlükəlidir və əslində xalqı sevmirlər. Təəssüf edirəm ki, Azərbaycanın Xalq artisti adına layiq görülmüş, Moskvada əylənib kef edən, konsertdən konsertə gələrək bir gün Bakıya baxmaqla belə fikirlər söyləyən Sərxan Sərxan kimi artistlərimiz var.
Digər tərəfdən indi dünyanın hansı yerində konsert və teatrlara gedirlər? Sərxan Sərxan deyəsən SSRİ-nin vaxtında qalıb. Hazırda gənclər, orta nəsil “YouTube”, “Tik-Tok” kimi platformalardan musiqilərə qulaq asırlar. Teatrları çoxdan seriallar, filmlər əvəzləyib. Teatr həmçinin televiziyaya da uduzdu, bu sənətdə islahatlar getmədiyinə görə, Azərbaycan teatr sənəti iflasa uğradı. Bu baxımdan mübahisəli məsələlər çoxdur. Azərbaycan mədəniyyəti, mentaliteti haqqında fikir söyləyərkən ehtiyatlı olmaq lazımdır”.