“Dövlət Gömrük Komitəsi ləğv edilməli, Maliyyə Nazirliyinə birləşdirilməlidir”backend
İqtisadiyyat
700

“Dövlət Gömrük Komitəsi ləğv edilməli, Maliyyə Nazirliyinə birləşdirilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramin Rəhimov: “Azərbaycanda kölgə iqtisadiyyatının ümumi payı 66 faizdir”

Son illər Azərbaycanın xarici iqtisadi əlaqələrinin coğrafiyası sürətlə genişlənir. Müasir texnologiyaların inkişafı dövlətlər arasında ticari fəaliyyəti asanlaşdırsa da, ölkəmizə idxal olunan məhsulların gətirilməsi zamanı ciddi çətinliklər yaşanır. Əksər ekspertlər çıxış yolu kimi illərdir bürokratiyanın hökm sürdüyü Dövlət Gömrük Komitəsinin (DGK) ləğv edilməsini təklif edir.
APress.az-ın suallarını cavablandıran iqtisadçı Ramin Rəhimov deyib ki, Dövlət Gömrük Komitəsinin ləğvi uzun illərdir müzakirə mövzusudur: “Hələ 2016-cı ildə Strateji Yol Xəritəsi hazırlanan zaman orada bir çox dövlət qurumlarının birləşdirilməsi, təkrarlanan fəaliyyət növü ilə məşğul olan strukturların ləğvi nəzərdə tutulurdu. DGK-nın fəaliyyət xronologiyasına nəzər salsaq görərik ki, komitə sahibkarların qənimi rolunda çıxış edir. İstər rüsumların çoxluğu, istərsə də məhsulların gömrükdə əsassız olaraq saxlanılması, həmçinin bir sıra subyektiv maneələrin törədilməsi və s. hallar böyük narazılıqlara yol açır. Son dövrlər bu kimi hallar çoxalıb və baş verənlərin fonunda DGK-nin ləğvi məsələsi yenidən gündəmə gəlib”.
Ekspert hesab edir ki, bu məsələdə beynəlxalq təcrübəyə istinad olunmalıdır: “Dünyanın heç yerində Dövlət Gömrük Komitəsi adlı qurum yoxdur. Müxtəlif nazirliklərin və fiksal qurumların tərkibində xidmət kimi fəaliyyət göstərir. Azərbaycanda isə komitənin Maliyyə Nazirliyinə birləşdirilməsi məqbul variantdır. Çünki büdcə yığımı və büdcə daxilolmaları, həmçinin büdcənin xərcləri Maliyyə Nazirliyində cəmləşir. Ona görə də bu sahəni Maliyyə Nazirliyinin balansına vermək daha məqsədəuyğundur. Düzdür, son dövrlər təkliflər səslənir ki, Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilsin. Lakin bu nazirliyin tabeliyində çoxlu sayda xidmətlər və strukturlar mövcuddur. İqtisadiyyat Nazirliyini yükləmək lazım deyil. DGK-nın səlahiyyətlərinin Mərkəzləşdirilmiş İdarə tərəfindən həyata keçirilməsi daha məntiqlidir”.

DGK-nın ləğvinin nəticələrindən danışan həmsöhbətimizin sözlərinə görə, əsas məqsəd azad ticarət mühitini formalaşdırmaqdır: “Mövcud şəraitdə əsassız gömrük rüsumları, xaricdən idxal edilən məhsullara qoyulan qadağalar aradan qaldırılmalıır. Təcrübədən bilirik ki, Gömrük Komitəsi bu sahədə islahatları həyata keçirə bilmir. Bu baş versəydi, neçə illər ərzində baş verərdi. Həm də neqativ halların verməməsi üçün bu qurum ləğv edilməlidir. Komitə təkcə rezidentlər üçün problem törətmir. DGK həm də qeyri-rezidentlərin maliyyə axınına, idxal-ixrac əməliyyatlarına ciddi əngəllər yaradır. Komitənin ləğvi bu sahədə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq. Biz kölgə iqtisadiyyatından azad olmağa çalışırıq. Ötən il bir beynəlxalq təşkilatın apardığı araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda kölgə iqtisadiyyatının ümumi payı 66 faizdir. Bu çox mənfi göstəricidir. Təcili olaraq vahid pəncərə sisteminə keçid edilməlidir. DGK-da bu sistem tətbiq edilsə də, formal xarakter daşıyır. Korrupsiya hallarına geniş rast gəlinir. Bütün hallarda DGK-nın ləğvi qaçılmazdır”.

APress.az