Dövlət Turizm Agentliyi Azərbaycanın turizm sektorunu çökdürür – Agentlik yeni səhifə açacaqmı?backend
Cəmiyyət
800

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm sektorunu çökdürür – Agentlik yeni səhifə açacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya dövründə turizm şirkətlərinə heç bir dəstək göstərməyən Dövlət Turizm Agentliyi sanki qarışqa kimi üzü qışa özünə qənimət yığmaqla məşğuldur. Pandemiyadan öncə müəyyən layihələrdə iştirak edən agentlik hazırda “bezzvuk” rejiminə keçib.

Azərbaycanda təyyarə biletlərinin qiymətlərinin çox baha olması xaricə getmək istəyən soydaşlarımızın da qarşısını kəsir. Bu səbəbdən yerli turistlər yalnız daxili imkanlar hesabına yayı başa vurmağa çalışırlar. Əslində bu, ölkədə turizmin inkişafını sürətləndirmək üçün bir fürsətdir. Lakin agentlik ya bu imkandan yetərincə faydalana bilmir, ya da bunu istəmir.

Oliqarxlar şəhəri hesab olunan Qəbələdə isə əsl monopoliyadır. DTA isə ölkə turizminin “yağlı” bölgəsi Qəbələyə nəzarət etmir. Əksər obyektlərin arxasından ya məmurlar çıxır, ya da onların qohumları. Yeni obyekt yaratmaq, işlək mexanizmə gətirmək müşkül məsələyə çevrilib. Turizm obyektlərinin çoxu sahibkar məmurlar tərəfindən idarə olunur. Onların da əksəriyyəti bu obyektləri icarəyə verir. İcarə qiymətləri “əlyandıran” olduğuna görə, hər kəs burada obyekt aça bilmir. Bir sözlə arxasında adamı olmayan şəxs bura sadəcə uzaqdan baxır. Daydaysızlara yer olmayan Qəbələdə qiymətlər sözün əsl mənasında od tutub yanır. Sadə bir Azərbaycan vətəndaşı öz ölkəsində dincələ bilmir. Qiymətlər o qədər bahadır ki, burada bir adam üçün nəzərdə tutulan qiymət qonşu ölkələrdən biri olan Gürcüstanda 2 və daha artıq adam istirahət edə bilər. Dünyanın inkişaf etmiş, öndə gedən turizm obyektlərində belə, qiymətlər bizdən aşağıdır. Qardaş Türkiyədə turizm sektoru böyük inkişaf yolu keçib, bütün müasir imkanlar var, lakin orada qiymətlər bizdən qat-qat ucuzdur. Səbəbi bəlli və netdir. Azərbaycanın turizm sektorunda sağlam rəqabət yoxdur!

Ölkəyə üz tutan xarici turistlər isə bura gəlməkdə peşman olurlar. Bir dəfə gələn, bir daha gəlmək istəmir. Misal üçün deyim ki, yerli turistə bir çaydan çay 10 azn-ə təklif edilirsə, xarici turistə bu ən azı 30 manata başa gəlir. Təbii ki, aldadıldığını görən xarici turistin bura son gəlişi olur. Azərbaycanda digər sahələrdə olduğu kimi, bu sahədə də gələcəyə baxış yoxdur. Gələcəyə baxışı isə Dövlət Turizim Agentliyi təmin etməlidir. Turizm elə bir sektordur ki, burada gələcəyə baxış mütləqdir. Yəni, bu il sənin obyektinə gələn müştəri gələn il özü ilə birgə dost-tanışını da gətirir. Burada müştəri məmnuniyyəti qəti düşünülmədiyinə görə, gələn il nəinki müştəri yaxınını gətirəcək, heç özü də gəlməyəcək. Bütün hallarda qiymətlər olduqca bahadır və bu, bütün tərəflər üçün həyəcan siqnalı olmalıdır.

Bir sözlə DTA-nin nəzarətsizliyi ölkə turizminə ciddi zərbədir. Ya agentlik qış yuxusundan ayılıb ölkə turizmin inkişafı üçün addımlar atacaq, ya da bu sektor tamamilə çökəcək.

P.S. Güman edirəm ki, agentlik bütün bu olanlardan sonra bir nəticə çıxarıb, 44 günlük müharibədə zəfər çalan ölkəmizin nüfuzuna zərbə vuran fəaliyyətinə son verib, yeni bir səhifə açacaq.

Mikayıl Mirzəzadə