“DTX əməkdaşı”yam deyib gələcək qayınatasına 67 min “atdı”backend
Gündəm
462

“DTX əməkdaşı”yam deyib gələcək qayınatasına 67 min “atdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Külli miqdarda dələduzluqda ittiham olunan şəxs hakim qarşısına çıxarılır. Zərərçəkmiş tərəf deyir ki, həmin şəxs özünü DTX əməkdaşı kimi təqdim edib. Məhkəmədə işin olduqca maraqlı təfərrüatları üzə çıxıb.

APress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan 1983-cü il təvəllüdlü Şamxal Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında şahidlər dindirilib, təqsirləndirilən şəxs ittihamlara cavab verib.

Cinayət işi materiallarında yazılır ki, zərərçəkmiş kimi tanınan şəxs Rəşid Məmmədovdur. Rəşid Məmmədov həbsdə olan oğlunun azadlığa buraxılmasına kömək etməsi üçün Şamxal Kərimova 67 min manat pul verib.

Rəşid Məmmədovun oğlu terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilək həbs edilən 11 nəfərdən biri olub. Həmin cinayət işi üzrə məhkəmə araşdırması da elə bu məhkəmədə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutub. Səs-küylü və qalmaqallı iş üzrə bir müddət əvvəl hökm elan edilib. Hökmə əsasən, Rəşid Məmmədovun oğlu Babək Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmin məhkəmə prosesi ilə bağlı Musavat.com saytında bir neçə yazı dərc edilib.

Həmin iş üzrə hələ məhkəmə araşdırması başlamadığı ərəfədə Rəşid Məmmədov Şamxal Kərimovla tanış olub. Bu tanışlıq Rəşid Məmmədovun qızı Firuzə Məmmədova vasitəsilə yaranıb.

Belə ki, Şamxal Kərimov bu hadisələrdən bir müddət əvvəl Firuzə Məmmədova ilə tanış olub. Şamxal Kərimov sabiq polis əməkdaşı olub. Firuzənin qardaşının həbs edildiyini bildikdə onlara kömək edəcəyini vəd edib.

Firuzə bu barədə ailəsinə məlumat verdikdən sonra Rəşid Məmmədov və kürəkəni Kənan İsmayılov bir neçə dəfə Şamxal Kərimovla görüşüb və 67 min manatı hissə-hissə ona veriblər. İttihamda yazılır ki, Şamxal Kərimov Rəşid Məmmədovun etibarından sui-istifadə edərək həmin pulu ələ keçirib.

Məhkəmə prosesində zərərçəkmiş Rəşid Məmmədov iştirak etməyib. Onu nümayəndəsi, vəkil Elçin Sadıqov təmsil edib.

Bu işdə Şamxal Kərimovun vəkili isə Ceyhun Yusifovdur.

Prosesdə şahid qismində zərərçəkmiş Rəşid Məmmədovun xanımı Esmira Məmmədova ifadə verib.

E.Məmmədova ifadəsində göstərib ki, Şamxal Kərimov özünü DTX əməkdaşı kimi təqdim edib. Onlar da Şamxal Kərimova inanaraq pul veriblər.

“Bu gün də banklara kredit ödəyirəm. Ona görə yanıram ki, bizim hislərimizlə oynadı. Balamız həbsdə idi. Saman çöpü də axtarırdıq ki, yapışaq. Bu adamı qızımın vasitəsilə tanımışıq. Deyirdi ki, iki məhkəməyə oğlum azadlığa çıxacaq. Ümumilikdə 67 min manat vermişik.

Əvvəldən şübhələnmişdim. Amma sonra dedi ki, orqan işçisiyəm. Düşündüm ki, bəlkə də, qismətdir.

Qızımla Tovuzda tanış olub. Mağazada görüşüblər. Qızımdan xoşu gəldiyini, tanış olmaq istədiyini deyib.

Mən nə bilim ki, belə olacaq? Tovuzdan olmayan bir adam rayonda nə gəzirdi? Fikirləşdim ki, sırf bu iş üçün gəlib” – deyə, Esmira Məmmədova başına gələnləri danışıb.

Şamxal Kərimov şahidin dediklərinə münasibət bildirərək deyib ki, özünü DTX əməkdaşı kimi təqdim etməyib: “Deyilənlərin hamısı yalandır. Pul Bəkir adlı şəxsə verilib. Mən 2018-ci ildə polisdən öz ərizəmlə çıxmışam”.

Şamxalın vəkili Ceyhun Yusifov deyib ki, Esmira Məmmədovanın qızı Şamxala xeyli pul xərcləyib. Amma həmin məbləğ zərər kimi göstərilir.

Esmira Məmmədova bu barədə məlumatsız olduğunu deyib və vəkilə məsləhət görüb ki, bu sualları qızına versin.

Daha sonra məhkəmədə hadisələrin əsas iştirakçısı olmuş şahid Kənan İsmayılov ifadə verib.

O, Şamxal Kərimovla danışıqları, görüşləri barədə məhkəməyə bildiklərini danışıb:

“Firuzə Məmmədova mənim baldızımdır. Şamxalı da ona görə tanımışıq.

Əvvəl bu işə görə başqa bir adama 70 min manat vermişdik. Amma iş alınmadığı üçün pulu istədik. 50 minini qaytardı. Sonra da 20 minini verəcəkdi. Baldızım Şamxala demişdi ki, qardaşı Babəkin işinə görə bir nəfərə pul verib, amma iş alınmır. Şamxal da ona deyib ki, mən həll edərəm. Belə qərara gəldik ki, Şamxalla biz görüşək. Qayınatam Rəşid Məmmədovla danışdı.

Biləcəridə yerləşən “Bulaq” restoranında görüş təyin etdi. Biz gedəndə mürəbbəli çay içirdi. Bir az söhbət elədik. Ona daha əvvəl başımıza gələnləri danışdıq. Dedik ki, bahalı maşınla gələn, bahalı ofisdə olan bir adam bizə söz versə də, əməl etmir. Bu da bizə dedi ki, moşenniklərin variantı elə olur. Yəni bahalı maşınla görüşə gəlirlər, bahalı ofislərdə otururlar və sair.

Söhbətin sonunda razılaşdıq ki, biz ona 20 min manat verək. Sonrakı pulu da hissə-hissə verərik. Bizə deyirdi ki, qısa zamanda işi həll edəcək.

Bütün hüquq-mühafizə orqanlarından məlumatlı idi. Deyirdi ki, bu iş polisə, DTX-ya, Baş Prokurorluğa tapşırılıb”.

Kənan İsmayılov deyib ki, Şamxal Kərimov ilk görüşə gələndə “Porsche” markalı avtomobillə gəlib. Sonra isə başqa lüks avtomobillərdə gəlirmiş.

Kənan İsmayılov ifadəsinin davamında Şamxal Kərimovun onlara verdiyi vədlər haqda danışıb: “Deyirdi ki, bu iş Ali Məhkəmənin sədri Ramiz Rzayevə də tapşırılıb. İşə baxan hakim də Səbuhi Hüseynovdur. Bu deyirdi ki, iş həll olub. Səbuhi Hüseynovun qabağına nə qoysalar, onu da oxuyacaq.

40 min manatı Babəkin azadlığa çıxması üçün verdik. Sonra da pul istədi. Həmin pulu da digər uşaqlara görə istədi. Dedi ki, əgər təkcə Babəki buraxsalar, səs-küy olacaq. Buna görə də digər həbs edilənlərə də kömək etmək lazımdır. Şamxal söylədi ki, həmin işdə bir nəfərə cəza kəsiləcək. Babək və digərləri azadlığa buraxılacaq”.

Vəkil Ceyhun Yusifov şahiddən soruşub ki, Şamxal Kərimovun Firuzə Məmmədovaya xaricdən bahalı maşın gətirəcəyindən xəbəri olubmu.

Rəşid Məmmədovun vəkili Elçin Sadıqov bu suala etiraz edib.

Məhkəmədəki ifadələrdən məlum olub ki, Şamxal Kərimov həmin ərəfədə Novruz bayramından sonra Firuzəyə elçi gedəcəkmiş. Şamxal Kərimov deyirmiş ki, Novruz bayramına qədər də Babək Məmmədlini həbsdən çıxaracaq.

Şamxal Kərimova necə inanması ilə bağlı suallara cavab verən Kənan İsmayılov deyib ki, onu qısa müddətdə tanısa da, çox etibar edib: “Hüquq-mühafizə orqanlarında hamını tanıyırdı, hər şeyi bilirdi. Dedikləri ilə məni çox inandırdı. Onunla yaxın münasibət də yaranmışdı. Belə bir adamı tanıdığım üçün sevinirdim. Hətta mən Şamxala “gələcəyin bacanağı” da deyirdim. Ona o qədər inanırdım”.

Məhkəmə araşdırması davam edir. /Musavat.com