Dünya Bankı koronavirusla mübarizədə Azərbaycana yardım edəcəkbackend
Dünya
328

Dünya Bankı koronavirusla mübarizədə Azərbaycana yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünya Bankı COVID-19 pandemiyasının Azərbaycanda yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək üçün layihə hazırlayır.
Dünya Bankından verilən məlumata görə, layihə investisiya məqsədli deyil və analitik kömək məqsədi daşıması gözlənilir. “Azerbaijan COVID-19 Emergency Response Project” adlanan layihənin dəyəri 95 mln. ABŞ dolları göstərilir və bu məbləğin hamısı bankın öhdəliklərinə daxildir.
Xatırladaq ki, bundan başqa, Dünya Bankının hazırda ölkədə daha üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir. Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı “Regional əlaqələr və inkişaf” layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı “Azerbaijan Railways Logistics Modernization Program” layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş “National Solid Waste Management Project” layihəsidir.
“Regional əlaqələr və inkişaf” (“Regional Connectivity and Development Project”) layihəsinin may ayında təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihə üzrə 979,9 mln. ABŞ dolları təşkil edir. 2020-ci il ərzində Dünya Bankının Azərbaycanda 150 mln. dollar həcmində iki layihəsi təsdiq olunub. Bank Azərbaycana 5 mart tarixində ölkədə məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. dollar, 26 mart tarixində isə “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinə əlavə 50 mln. dollar həcmində kreditin verilməsini təsdiqləyib.
Ümumilikdə, 1992-ci ildən bəri, bank Azərbaycana 70-dən çox layihə üzrə 4 mlrd. dollardan çox vəsait ayırıb.
APA-Economics