Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Sfera.az-a açıqlamasında bildirib ki, toyların başlanması istər-istəməz spirtli içkinin təsiri altında avtomobilləri idarə edənlərin sayının artacağı ehtimal edilir: “Amma mən əminəm ki, sükan arxasında olan sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə etməyəcək. Çünki qanunvericiliyə vaxtında edilən əlavə və dəyişikliklərlə, spirtli içkinin təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük hüququndan məhrumetmə, cərimə, yaxud həbs nəzərdə tutulur. Sürücülər spirtli içki qəbul etdikdə “ayıq sürücü”lərə müraciət etməlidirlər”.
V.Əsədov qeyd edib ki, toy karvanlarında da hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq dərhal müvafiq cəza tədbirləri görüləcək: “Avtomobil sahiblərinin və sürücülərin, xüsusilə toy sahiblərinin nəzərinə çatdıraraq tövsiyə edirik ki, hərəkət zamanı “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edilsin və digərlərinin hərəkətinə maneə yaradılmasın. Yol polisi əməkdaşları tərəfindən “toy karvanı”nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək.
Unutmayın ki, Bakı şəhərinin inzibati ərazisi əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Ərazidə olan kameralar vasitəsilə hərəkətə günün 24 saatı nəzarət edirik, avtomatik olaraq, elektron qərarlar qəbul etməklə, inzibati tənbeh tədbirləri həyata keçiririk”.
Paytaxt yol polisinin sözçüsü bildirib ki, toyların keçirilməsi zamanı xüsusilə yollara yaxın məsafələrdə yerləşən şadlıq saraylarının ətrafında nəqliyyat vasitələrinin düzgün park edilməməsi ərazidə süni sıxlıqların yaranmasına səbəb olur: “Ona görə də bəri başdan vətəndaşlardan xahiş edirik ki, yollara bitişik olan sarayların qarşısında nəqliyyat vasitələrinin düzgün dayanma-durma və park edilməsinə diqqət etsinlər. Toylar günün pik saatlarında keçirildiyindən istər-istəməz sıxlığa səbəb olur. Süni sıxlıqlar isə vəziyyəti bir qədər də çətinləşdirir”.