Ədliyyə Nazirliyi tərəfindən yeni mobil xidmətlər istifadəyə verilibbackend
Cəmiyyət
291

Ədliyyə Nazirliyi tərəfindən yeni mobil xidmətlər istifadəyə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Son illər “Notariat haqqında” Qanuna mütərəqqi dəyişikliklərin edilməsi informasiya-kommunikasiya texnologiyaları vasitəsilə elektron qaydada notariat xidmətlərinin göstərilməsinə geniş imkanlar yaradıb.

Vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, o cümlədən vaxtından və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildən “Mobil notariat” tətbiqi uğurla istifadə olunur. Həmin tətbiq vasitəsilə bir sıra notariat hərəkətlərinin, o cümlədən nəqliyyat vasitələrinə sərəncam verilməsi və onun idarə olunmasına dair, həmçinin vəkillərə verilən və bəzi sosial etibarnamələrin elektron qaydada rəsmiləşdirilməsi mümkündür.

Pandemiya dövründə vətəndaşların elektron xidmətlərdən yararlanmaq istəyi mobil tətbiqə xüsusi marağı artırıb və hazırda istifadəçilərinin sayı 110.000-dən çox olan “Mobil notariat” vasitəsilə vətəndaşlara göstərilən mobil ədliyyə xidmətlərin sayı 50.000-dən artıqdır.

Əhaliyə təqdim olunan bu innovasiyaların funksionallığının artırılması üzrə işlər davam etdirilərək “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində “Mobil notariat” tətbiqinə bu günlərdə yeni funksiyalar əlavə olunub.

Belə ki, tətbiq üzərindən banklarda təmsilçilik məqsədilə verilən etibarnamələrin, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələrin elektron qaydada videoyazı vasitəsilə rəsmiləşdirilməsi imkanı yaradılıb.

Yeni istifadəyə verilən xidmətlərdən faydalanmaq üçün vətəndaşlar AppStore və PlayStore elektron platformasından pulsuz olan “Mobil notariat” tətbiqini yükləməlidirlər. Hazırkı istifadəçilər isə proqramı yeniləməklə yararlana bilərlər.

Bundan əlavə, yenilənmiş “Mobil notariat” tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.

Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığın genişləndirilməsi üzrə tədbirlər davam etdiriləcəkdir.