Əgər Eyvazov Usubovun qohumunu işdən qovursa…backend
Cəmiyyət
34

Əgər Eyvazov Usubovun qohumunu işdən qovursa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayonundakı “İnfiniti” və “Ekstra” gecə klublarının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi məhdudiyyətləri pozması, gecə 12-dən sonra fəaliyyət göstərməsi, üstəlik, qadağan olunan qəlyan verməsinin nəticəsini gördük: həmin klubların rəhbərləri (4 nəfər) inzibati qaydada həbs edildilər, fəaliyyət göstərdiyi ərazinin polis şöbəsi (17-ci polis şöbəsi) və ümumiyyətlə, Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifəsini icra edən əməliyyat işləri üzrə müavin isə işdən azad edildi.

İddialara görə, işdən azad edilən Nərimanov rayonundakı 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli sabiq DİN rəhbəri, hazırda TŞ-nin katibi olan general-polkovnik Ramil Usubovun qohumudur. Bu iddialar hələ ki, təkzib olunmayıb və deməli, həqiqət kimi qəbul etməyə məcburuq.

Vilayət Eyvazovun Ramil Usubovun qohumunu işdən çıxarması nə deməkdir?

Vilayət Eyvazov haqda danışarkən onun həm də Ramil Usubovun tapıntısı olduğu haqda fikirlər də səsləndirilir və hazırkı nazirin karyerasına diqqət etdikdə, onun fəaliyyətinin hər zaman yüksək qiymətləndirilməsini müşahidə etmək mümkündür. Vilayət Eyvazov həm nazirin birinci müavini, həm də nazir olduğu müddətdə də onun DİN sistemində 1995-ci ildən başlayaraq formalaşdırılan və ən yüksək səviyyəyə qaldırılan dəmir nizam-intizamı sərt şəkildə qoruduğu hər kəsin gözü qarşısındadır. Bu dəmir nizam-intizamı isə Heydər Əliyevin rəhbərliyi və birbaşa təlimatı ilə Ramil Usubov yaradıb.

V.Eyvazov ilk gündən bu prinsiplərin daha da inkişaf etdirilməsi ilə məşğul olub və DİN-də formalaşan müsbət ənənəni saxlayıb: polisin nüfuzunun qorunması, nümunəvi olması üçün də hər zaman maksimum səy göstərib və heç vaxt güzəşt etməyib.

Xatırlayıram, ötən ilin təxminən bu vaxtları Yasamal rayonunda baş verən insidentdə polisə qarşı nalayiq hərəkətin cəzası da ən sərt şəkildə verildi və Azərbaycan polisinin “başına su tökülən mağmın” obrazının yaranmasının qarşısı çox sərt şəkildə alındı. Amma paralel olaraq bu addımlar zamanı vətəndaşa qarşı o qədər də münasib olmayan ifadə işlədən polis işçisi də cəzalandırıldı. Halbuki o polis işçisini bağışlamaq da olardı – bir gün öncə təzyiqə məruz qalmışdı, incidilmişdi və həmin şəxslərin indi “dovşana döndüyünü” deməklə, əslində dünənki travmasını ifadə edirdi.

Ancaq Vilayət Eyvazov o polisə qarşı azacıq da olsun, güzəşt etmədi: töhmət verə, vəzifəsini kiçildə və yerini dəyişə bilərdi. Etmədi, birbaşa işdən çıxartdı.

Bu, DİN sistemində artıq 25 ildən artıqdır davam edən müsbət bir ənənənin nəticəsidir və Vilayət Eyvazov əslində şəxslərə deyil, prinsiplərə, qaydalara, daxili təlimata və qanunlara sədaqət nümayiş etdirir.

Nazir bir neçə gün öncə polis əməkdaşı Zaur Mirzəyevi qanunu qoruduğu üçün döyən deputat Eldəniz Səlimova münasibətdə necə sərt və cəsarətli davranış sərgilədisə, polisin nüfuzunun qorunması üçün hansı addımlar atdısa, onun eyni münasibəti DİN sistemində çalışanlara da göstərməsi çox mühüm faktordur. Qanundan uca heç nə yoxdur, onu qoruyanlara hörmət edilməli və qanuni tələbləri icra olunmalıdır, buna qarşı çıxarsansa, dövlətə qarşı çıxmış sayılırsan və kimliyindən asılı olmayaraq, cəzalanmalısan! Eyni zamanda qanunu qorumalı olan şəxs səhlənkarlıq edirsə və yaxud hansısa şəxsi maraqlarına görə qanunun pozulmasına şərait yaradırsa, dərhal cəzalandırılır.

Buna görə İltimas Yusiflinin timsalında Vilayət Eyvazovun verdiyi qərar əslində Ramil Usubovun da nüfuzunu qorumaqdır və bütün DİN sisteminə möhtəşəm bir ismarışdır: Hətta bu ölkənin ən yüksək vəzifəli şəxsinə qohumluq belə sənin qanunları pozmağın qarşılığında cəzadan yayınacağın anlamına gələ bilməz.

Şübhə etmirəm ki, Vilayət Eyvazovun bu qərarını dəstəkləyən ilk şəxs elə Ramil Usubov olub. Əsas qanun, prinsiplər və şərəfdir, onlara qarşı gedən hər kəs mütləq şəkildə cəzalandırılır.

Bu ölkədə ən həssas nazirlik DİN-dir. Nəinki mediada, hətta sosial şəbəkələrdə polislə bağlı səsləndirilən iddialar dərhal və anında araşdırılır və mütləq hüquqi nəticə çıxarılır.

Bir müddət öncə sosial şəbəkələrdə narkotiklə bağlı həyəcan da hər kəsin yadındadır. Bu həyəcana DİN sisteminin “Həyəcan” siqnalı ilə ayağa qaldırılması da genefondumuzun qorunması, kənar təsirlərin dəf edilməsinə DİN-in necə reaksiya verdiyinin sübutudur. Narkotik satışı və ticarətinin önünü kəsmək üçün total əməliyyatlar bu sistemə etimadı, güvəni artırmaqla, bütün söz-söhbətə də son qoydu.

DİN – arxalandığmız qurumdur; DİN – cəmiyyətin içindədir və onun nüfuzunu qorumaq həm də cəmiyyətin işidir. Əgər səhvinə, məsuliyyətsizliyinə və yaxud şəxsi mənafeyinə görə ən yüksək vəzifəli şəxsin qohumuna güzəşt edilmir və bu sistemdən kənarlaşdırılırsa, demək, DİN rəhbərinin iradəsi ortadadır… Bu iradədən yaxşı mənada cəmiyyət istifadə etməli və onu qoruyan polisinin nüfuzunu da özü qorumalıdır.