Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.
Publika.az xəbər verir ki, Qarabağda hərbi xidmətə çağırılan əsgərlərin valideynləri baş nazir Nikol Paşinyanla görüşdən narazılıqlarını dilə gətirir və övladlarının erkən tərxis olunması üçün əllərindən gələni etmələrini, onların tibbi müayinədən keçirilməsini tələb edirlər.
Etirazçı Suren Gevorqyan döyüşlərin bitməsindən sonra keçən 4 ay ərzində problemlərinin həll edilmədiyini və bundan narazı olduqlarını vurğulayıb.
Bundan əlavə, Ermənistan hökumətinin binası qarşısında itkin düşən hərbçilərin valideynlərinin etiraz aksiyası davam edir. Baş nazirdən itkin düşmüş kimi siyahıya alınan 500 əsgərin cavabını tələb olunur.
Xatırladaq ki, Qarabağda xidmətini davam etdirən, eyni zamanda, müharibə vaxtı itkin düşən hərbçilərin valideynləri noyabr ayının sonundan bəri hökumət və Müdafiə Nazirliyi binalarının yaxınlığında vaxtaşırı mitinqlər keçirirlər. Onlar Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla sonuncu dəfə bu ilin yanvar ayının ortalarında görüşüb.