“Müharibə zamanı rayonun əhalisi 3831 nəfərə qədər enmişdi, müharibədən sonra geriyə cəmi 1124 nəfər qayıdıb”.
Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, bunu hələlik rusiyalı sülhməramlıların fəaliyyət-nəzarət arealında olan Ağdərənin meri Mişa Gürcyan deyib.
Onun sözlərinə görə, qışda Ağdərədə elektroenerji təminatı və istiliklə bağlı çox ciddi problemlər vardı.
“Problemləri həll etməyə çalışsaq da, vəziyyət ağırdır. İndisə yaydır, su təminatı ilə bağlı problem var. Müharibədən sonra əhali əsas su mənbələrini itirdiyi üçün məcbur olub kəndlərdəki artezian quyularından və xırda çaylardan şəhər ərazisinə su daşıyırıq”, – M.Gürcyan deyib.
Ağdərədəki ermənilərin tam əksəriyyəti əvvəllər maldarlıqla məşğul olub. Lakin 44 günlük İkinci Qarabağ Savaşından sonra Ağdərənin çox kiçik hissəsində ermənilər otlaqlardan istifadə imkanlarına malikdir.
Ağdərəli ermənilər rayondan və rayon mərkəzindən faktiki olaraq, qaçırlar. Ermənistana köç səngimək bilmir.
Bununla yanaşı, yerli ermənilər arasında səfillik və yoxsulluq artır.